Erməni uşağı sözü Həmşində söyüş kimi qəbul edilir - MÜSAHİBƏ

"Erməni uşağı" sözü Həmşində söyüş kimi qəbul edilir" - MÜSAHİBƏ


16:02     18 Aprel 2018 2018/04/esas_1524038214.jpg


Femida.az Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanovun ötən ay Türkiyədə apardığı ekspedisiya ilə bağlı müsahibənin ikinci hissəsini təqdim edir. Qeyd edək ki, ekspedisiyanın məqsədi bölgədə yaşayan və Həmşinlilər kimi təbir olunan türk etnosunun qədim tarixi köklərini araşdırmaq və ermənilərin bu topluma vurmaq istədiyi "müsəlman ermənilər" iddiasının qarşısını almaqdır.

Müsahibənin I hissəsini BURADAN oxuya bilərsiz.

***

II HİSSƏ

- Elə isə həmşinlilər kimdir?

- Bilirsinizmi, həmşinlilər – Həmşində yaşayan türklər «ermənimisən?» sualına çox aqressiv yanaşırlar. Dostum Şencan bəy mənə bir əhvalat danışmışdı. Ermənistanın Həmşin iddiaları yenicə baş qaldıranda Ankaradan bir jurnalist bu məsələ ilə bağlı yerli qocalarla görüşüb müsahibə almaq üçün Hopaya gəlmişdi. «Erməni uşağı» sözünün Həmşində ağır var-yox söyüşü olduğunu jurnalistə dəfələrlə xatırladan Şencan bəy ondan sual verəndə bir qədər ehtiyatlı olmasını xahiş etmişdi. Bununla belə, hər ehtimalla müxbiri kənar adamların deyil, həlim xasiyyətli, namaz qılan, oruc tutan ağbirçək anasının yanına gətirmişdi. Jurnalist isə məsləhətə qulaq asmamış qadından birbaş «Siz ermənisinizmi?» deyə soruşmuşdu. Qoca qadının jurnalistə hansı yerli kaloritli ifadələrin dediyini dilə gətirmək istəmirəm. Amma ankaralı qonaq qulaqlarını tutub evdən güllə kimi çıxmışdı. Başqa bir misal. İrəvan Dövlət Universitetinin əməkdaşı, «türkoloq», faktiki olaraq, Türkiyədə açıq təbliğat və missionerlik fəaliyyəti ilə məşğul olan Lüsine Saakyan artıq xeyli müddətdir ki, Həmşinə ayaq açmışdı. Onun əsas məqsədi həmşin türkləri arasında «erməni köklərinə qayıdışı» təbliğ etməkdir. Onun və Sergey Vartanyan kimi missionerlərin təbliğatında aldatma, Ermənistanın pulu və videoçəkilişlərin montajı da önəmli rol oynayıb. Amma istəklərinə çata bilməyiblər. Məsələn, həmşinli bir qadın Lüsine Saakyanın onu təhqir etməsinə, yəni babalarının guya «erməni olmasını» dediyinə görə Rizə valiliyinə şikayət etmişdi. Yeri gəlmişkən, 2017-ci ildə Türkiyə erməniləri bir araya gələrək «erməni məsələsində» xidmətlərinə görə Lüsine Saakyana İstanbulda mənzil hədiyyə etmişlər…

Həmşinlilər fərqli etnik qrup deyillər. «Həmşin» Türkiyənin Qara dəniz bölgəsindən Şərqi Anadoluya doğru uzanan, Qoçqar (Azərbaycanda - Qoşqar) dağlarının qoynunda yerləşən bölgənin adıdır. Yozumu da «həmşen», yəni «həmyerlilər», «eyni yerdə məskunlaşanlar» deməkdir. Bu baxımdan, «həmşinli» ifadəsi etnik deyil, coğrafi mənsubiyyət bildirən sözdür. Məsələn, anadolulu, qarabaclı, qafqazlı, azərbaycanlı və s. Bölgə əhalisindən etnik kimliyini soruşanda «həmşinli» deyil, «türk» deyir. «Haralısan?» sualını verəndə isə təbii olaraq, «həmşinliyəm» cavabını verir. Laz və gürcülər istisna olunmaqla, bölgə əhalisinin aparıcı hissəsi türk dilinin spesifik dialektində - Qara dəniz və tərəkəmə-türkman ləhcələrinin sintezində danışır. Burada yaşayan azsaylı laz və gürcülər isə özlərini «həmşinli» kimi tanıtmırlar.



Türkiyəli araşdırmaçılar və yerli əhali əcdadlarının Həmədan və Şimali Azərbaycan istiqamələrindən gəlmiş türkmanlar olduqlarını bildirir, özlərini «yörük türkmanları», «dağ türkləri», «Həmşin türkləri» və ya «Qafqaz türkləri» də adlandırırlar. Onların dediklərində həqiqət çoxdur. İş burasındadır ki, həmşin bölgəsi və buradan Ərdahana, Qarsa doğru uzanan ərazi hətta Rusiya imperiyasının xəritələrində coğrafi baxımdan Qafqaza aid edilirdi. Digər tərəfdən, Həmşindəki məşhur Qoçqar dağları əslində Qafqaz sıra dağlarının davamıdır. Yeri gəlmişkən, həmşinlilərin bir sıra adət və ənənələri, leksik vahidləri nəinki Türkiyənin Qars, İğdır, Ərzurum və Van bölgələrində yaşayan azərbaycanlılarla - tərəkəmə, kürəsünni və ələvilərlə, hətta Azərbaycanın Şəki-Zakatala, Naxçıvan, Quba bölgəsinin əhalisi ilə eynidir. O da xüsusi qeyd edilməlidir ki, Türkiyənin digər bölgələrinin əhalisi ilə müqayisədə həmşinlilər, hətta ucqar dağ kəndlərində yaşayanlar Azərbaycan dilini heç bir çətinlik çəkmədən anlayırlar.

- Ermənistan isə onların vaxtilə xristian olduqlarını da iddia edir...
- Ermənilərə qalsa, Amerika hindularını da özlərinə qohum tutarlar. Həmşin türkləri əcdadlarının xristian olmaları barədə bütün iddialara isə kəskin reaksiya verir, Anadoluya müsəlman kimi gəldiklərini və Qara dəniz bölgəsində islam dinini yaydıqlarını bildirirlər. Bu gerçəklikdir. Lakin unutmaq lazım deyil ki, həm xilafət yürüşləri, həm də sonrakı dövrlərdə təqiblərdən qaçan xristian türklər bu dağlıq ərazilərdə məskunlaşmışlar. Təsadüfi deyildir ki, həmşinlilərin özəl mədəniyyətində tarixi Azərbaycan ərazilərinin, Qafqaz Albaniyasının mədəniyyəti elementlərinə də rast gəlinir. Həqiqətən də, Osmanlı sənədlərinə əsasən, Orta əsrlərdə oğuz tayfaları - çepnilər buraya müsəlman kimi köçmüşlər.

Tarixi mənbələrə əsasən, məsələn, XVII əsrə aid anonim müəllifin qələmə aldığı «Qızılbaşlar tarixi» əsərində çəpni tayfasının Qara dəniz sahillərindəki məskənləri barədə belə deyilir:

«Bu tayfa Trabzon ətrafındakı Yuxarı Canik və Aşağı Canikdəndir. Onlar Oğuz xanın oğlu Gün xanın nəslindəndirlər». Türkiyəli tanınmış tədqiqatçı Faruq Sümər «Oğuzlar» kitabında Səfəvi xidmətində olan çəpnilərin Anadoludan gəldiklərini, onların böyük hissəsinin «Trabzon çepniləri olduqlarını» qeyd edir. XVI əsrin sonunda yaşamış Osmanlı coğrafiyaşünası Mehmet Aşiq də «Münazir ul-əvalim» əsərində Trabzon ətrafında yaşayan türklərin böyük hissəsinin çəpni tayfasının nümayəndələrindən ibarət olduğunu, ərazinin cənub və qərb istiqamətindəki dağların da «Çəpni dağları» adlandırıldığını yazır. Müəllif bu zaman Qoçkar dağlarını nəzərdə tuturdu. Bundan başqa, Osmanlı arxivlərində də 100 min çəpni türkünün orta əsrlərdə Giresun və Trabzon bölgələri arasında yerləşdirilməsinə dair məlumat var. Sənədlərin birində isə bildirilir ki, I Səlim və ya Yavuz Sultan Səlim dönəminə aid dəftərdə çəpnilərin sıx yaşadıqları ərazilərdən biri «Vilayəti-Çəpni» kimi göstərilmişdi. Həmin dövrə aid digər sənədə əsasən, sultan «Şah İsmayılın qılıncından qaçan Ağqoyunlu türklərini Rizə və Trabzon arasındakı ərazidə məskunlaşdırmışdı». Türkiyənin tanınmış siyasətçisi və tarixçisi Yusuf Karslıoğlu da «Şərqi Qara dəniz tarixi» kitabında vurğulayır ki, bütün həmşinlilər əslən oğuz soylu qədim türklərdir. Belə ki, həmşinlilərin ulu babaları oğuz-türkmən tayfalarının bir qolu olmuş, eramızdan əvvəl 250-247-ci illərdə Şərqi Türküstanın Yasi məntəqəsindən Xorasana, oradan da tayfa birliklərinə başçılıq etmiş Maunanın rəhbərliyi ilə Həmədana dəvət olunmuş, şəhərin yadellilərdən mühafizəsi onlara həvalə edilmişdi. F.Kırzıoğlu həmşinlilərin əcdadları olmuş oğuzların «Azərbaycan marşrutu» – Cənubi Azərbaycan-Qərbi Azərbaycan-Anadolu-Qara dəniz bölgəsi xətti ilə Türkiyə ərazisinə köç etməsi qənaətindədir. O yazır ki, «Həmşinlilərin çaldıqları tulum - tuluq zurnası, oynadıqları horon - yallı, halay rəqslərinin variantı, bellərinə bağladıqları qurşaq formaları, şəxs adlarının türkcə olması kimi bir çox etnik mədəniyyət əlamətləri onların türkman olduqlarını sübut edir»



Türkiyədə olarkən tanış olduğum fədakar tədqiqatçı, «Həmşin ensiklopediyapsı» kimi dəyərləndirilən «Bozqır çöllərinin atlı köçəriləri. Həmşinlilər» kitabının müəllifi həmşinli Rəmzi Yılmaz həmşinlilər arasında erməni kimliyi təbliğatına qarşı mübarizənin öncüllərindən biri sayılır. O, həmşinlilərin bəzi erməni sözlərini işlətməsini bu bölgəyə köç etmiş xristian qıpçaqların islamdan əvvəlki dini mənsubiyyəti ilə bağlayır. Məsələn, Qara dəniz sahillərinə yaxın ərazidəki xristian məbədlərinin Pont yunanlarına, dağlıq yerlərdə tikilmiş kilsələrin isə qrekofil xristian oğuz və qıpçaqlara aid olduğu da bildirilir. Türkiyə alimlərinin apardığı araşdırmalar da bu fikri təsdiqləyir. Bölgənin qədim və müasir toponimləri içərisində yunan, laz mənşəli sözlər olsa da, ermənilərə aid yer adı yoxdur.

Bütün bunlar isə qədim türklərin Qara dəniz sahillərinə, o cümlədən Həmşin bölgəsinə miqrassiya marşrutlarını müəyyən etməyə imkan verir. Onlar bölgəyə təkcə Cənubi Azərbaycan istiqamətindən deyil, Şimaldan, indiki «Ermənistan Respublikası» da daxil olmaqla müxtəlif dövrlərdə, ilk olaraq, ərəb xilafəti dönəmində Şimali Azərbaycan ərazilərindən də gəlmişlər. Mənim gəldiyim qənaətə görə, həmşinliləri daşıyıcısı olduqları mədəniyyətdə Qafqaz Albaniyasının xristian xalqlarına məxsus olan elementlər də vardır. Bundan başqa, xristian qıpçaqların Gürcüstan istiqamətindən bölgəyə gəlişini təsdiqləyən sübutlar mövcuddur. Onlar bir müddət sonra həmşin türkləri ilə qaynayıb qarışmış və ortaq türk etnik mədəniyyətinin bir qolunu formalaşdırmışlar. Onu da əlavə edim ki, Türkiyənin digər bölgələrinin əhalisi ilə müqayisədə həmşinlilər dini məsələlərdə daha açıq fikirlidirlər, inanclı insan olsalar da qaraguruhu, xurafatı, radikal baxışları rədd edirlər. Şiələrə, ələvilərə və yezidilərə münasibətdə loyaldırlar, onların etiqadlarına hörmət hissi ilə yanaşırlar. Adlarının içərisində «Əli», «Həsən», «Məhərrəm», «Hüseyn», «Cəfər» kimi andronimlərin yayılmasını isə bölgəyə gəlmiş bəzi türkman tayfalarının vaxtilə ələvi olmaları ilə izah edirlər.



- Söhbət zamanı bir neçə dəfə həmşinlilərin Azərbaycan türkləri ilə yaxınlığını da qeyd etdiniz…

- Həmşinlilər birmənalı olaraq, islamaqədərki əski türk inanclarının daşıyıcılarıdır. Həmşin folklorunun, adət-ənənələrinin tədqiqatçısı olan Osman Coşqun 2005-ci ildə nəşr etdirdiyi «Her Yönüyle İkizdere» kitabında misal kimi göstərdiyi bir çox ortaq türk adət və ənənələri Azərbaycan ərazisində də geniş yayılmışdır. Hopa həmşinliləri də «evin bərəkəti qaçar» deyə, xüsusilə gecələr ocaqdan kənara atəş verməzlər. Gecələr köhnə dəyirmanlarda, dərələrdə cinlərin toy edib halay oynadıqlarına, yoldan keçənlərə daş atdıqlarına inanırlar. Hopa həmşinlilərində də «Həzrət Əlinin ayaq izləri» ziyarətkahı vardır. Borçka yolunun qayalıq hissəsində «Həzrət Əlinin kafirlərlə vuruşub burada onlara qalib gəlməsini» sübuta yetirmək üçün qaya üstündəki Düldülün nal izlərini göstərirlər. İkizdere adlanan yerdə yaşayanlar Azərbaycanda, Mərkəzi Asiyada olduğu kimi sürünü vəhşi heyvanlardan qorumaq üçün «qurd ağzı bağlayır», Günəş tutulanda evin damına çıxıb mis qazanları döyür, şeypur çalır, azan oxuyur, gənc qızlar bayram gecələri duzlu xörəklər yeyir və yuxuda onlara su verən oğlanla ailə quracaqlarına inanır, evlərin, həyətlərin girişindən nəzərlik kimi buynuzlu qoç kəllələri asırlar. Həmşinlilər də məzar yerini barmaqla göstərməz, «bəxtin bağlanmaması» üçün əlləri qoynunda çarpazlamaz, gecələr dırnaq tutmazlar, «şeytan gəlməsin deyə» evdə fit çalmağı günah sayarlar.

Həmşinliləri türklərin, o cümlədən Azərbaycan türklərinin adət-ənənələri ilə bağlayan bir maraqlı adətə də diqqət çəkmək istərdik. Osman Coşkununun yazdıqlarına görə, gənc qızın yaylığını götürən və ya başından alıb-qaçan oğlan mütləq onunla evlənməlidir. Bu ənənə Azərbaycanda da olmuş və onun motivləri «Anamdan bir yaylıq aldım» xalq mahnısında qalıb. Hopa həmşinlilərində geniş yayılmış bir inanca bu gün Azərbaycanın da müxtəlif bölgələrində rast gəlinir. Belə ki, onlar da göy öskürəkdən, tənginəfəslikdən əziyyət çəkən uşağı müqəddəs ağac koğuşundan və ya köklərinin arasından keçirməklə şəfa tapacağına inanırlar. Bundan başqa, həmşinlilər də xəstə uşaqları, övladı olmayan qadınları pirlərə, ziyarətgahlara gətirir, buradakı dəlikli daşların oyuğundan keçirirlər. Həmşin etnoqrafiyasının tədqiqatçısı Mehmet Bilgin yazır ki, eyni inanc Borçalı türklərində və qırğızlarda da var. Həmşindəki qədim tarixi-mədəniyyət abidələri də erməni iddialarının tamamilə əksini, həmşinlilərin türk kökənli olduqlarını sübut edir və buna görə də erməni vandalizminin hədəflərindən birinə çevrilib. Məsələn, Çamlıhəmşin Ülkü kəndindən tapılan qoç heykəllərinin XIII əsrdə hazırlanması sübuta yetirilib. Bu heykəllər isə bölgədə türklərə xas olan inanc nümunəsidir. Enspedisiya zamanı Həmşin ilçəsində, meşədə aşkar etdiyimiz oğuz məzarlığının və buradakı qoç heykəlinin isə təqribən 500 il yaşı var.



- Ekspedisiyanın şəkillərinə baxarkən, belə başa düşdüm ki, ermənilər Həmşin bölgəsindəki tarixi abidələri məhv etməyə çalışıblar. Bu nə dərəcədə düzgündür?

- Ermənistan və xaricdəki erməni diasporası iddia etdikləri əraziləri erməni etnomədəni məkanına aid etmək məqsədilə vaxtilə tarixi Azərbaycan torpaqlarında, o cümlədən indiki Ermənistanda tətbiq etdikləri vandalizm cinayətlərini hazırda Həmşində də həyata keçirməkdədirlər. Məsələn, 2006-cı ildən etibarən Rizə bölgəsindəki Orta əsrlərə aid qədim məzarlıqlarda başdaşıları, xüsusilə bu ərazilərin türklərə aid olduğunu təsdiqləyən qoç heykəlləri Ermənistan emissarlarının əli ilə dağıdılmışdır. Həmin il vandalları müəyyənləşdirmək, tarixi abidələri bərpa etmək məqsədilə Rizə valiliyində xüsusi komissiya da yaradılmışdır.

Həmşinlilərin və azərbaycanlıların adət-ənənələri, atalar sözləri, mədəni irsi arasında da yaxınlıq xüsusi tədqiqat mövzusudur. Məsələn, onların məşhur horon (yallı, halay) rəqslərindən biri «Qarabağ» adlanır və «Azeri kökenli olup, karşılıklı oynanan bir oyun» sayılır. Onu da qeyd edək ki, həmşinlilərin yaşadıqları bölgələrdəki yaşayış məntəqələrinin adlarına bu gün Azərbaycanda da rast gəlinir: Biləcik, Çaylı, Çəmənli, Günəşli, Qoyunçular, Ağdərə, Dəmirçilər, Xan düzü, Dəvəli, Ağsu, Çinarlı, Bodulu, Sığırlı, Ağdaş, Xan dağı, Aşıqlar, Tumaslı, Qoçqar və s. Buradakı Dərbənd və Ağvan kənd adları isə həmşin əhalisini Qafqaz Albaniyası tayfaları ilə bağlayır. Onu da xüsusi vurğulamaq lazımdır ki, Səfəvi xanədanının zəiflədiyi dövrlərdə Osmanlı dövlətinin Azərbaycana hərbi yürüşləri nəticəsində Şərqi Anadoludan və Həmşin ərazilərindən buraya xeyli sayda əhali, o cümlədən qafqazdillilər də köçürülmüş və əsasən Şəki, Qax, Qəbələ, Balakən bölgələrində məskunlaşmışdılar.



Həmşinlilər yüzilliklər boyu dağların qoynunda, izolyasiya şəraitində yaşamışlar. Bu isə qədim türk adət və ənənələrinin, söz və ifadələrinin mühafizəsinə əlverişli şərait yaratmışdır. Təsadüfi deyil ki, ucqar dağ kəndlərinin əhalisi ilə görüşəndə hər dəfə Qabriel Qarsiya Markesin «Yüz ilin tənhalığı» əsərini xatırlayırdım. Həmşində əski türklərdə olduğu kimi qadına xüsusi hörmət və ehtiram var. Evin kişisi həyat yoldaşına «xatun» və ya «xatunum» deyə müraciət edir, hətta ev işlərində belə ona yardım göstərir. Həmşində bu gün də qorunub saxlanılan qədim bir toy adəti var. Oğlan evi qızı seçib-bəyənər, qız evinə elçi gedər və razılaşardılar. Nə oğlan, nə də qız bir-birini tanımazdılar. Yalnız hər iki evin qız-gəlinlərinin təşəbbüsü və müşayiəti ilə bir neçə dəfə gizli görüşə bilərdilər. Toydan bir həftə sonra da bəy gəlinin üzünü görməzdi. Bu qadağandır. Oğlan evinin ağbirçəkləri həmin müddət ərzində gəlini evin qayda qanunları, ailə üzvlərinin xasiyyəti, mətbəxi və s. ilə tanış edilər. Bir həftədən sonra qaynana bir tabaq paxlava bişirib gəlini ata evinə ziyarətə göndərərdi. Əgər oğlan evinin şəraiti, adətləri, oğlanın xasiyyəti, ailəsi qızın ürəyincə olsaydı, anasının bişirdiyi paxlavanı da götürüb ər evinə qayıdır. Ürəyincə olmasa, isə qayıtmır. Oğlan evinin isə bundan sonra təkid etməyə və ya inciməyə, düşmənçilik etməyə haqqı yox idi.



- Həmşin türklərinin təxmini sayı nə qədərdir?
- Türkiyədə həmşinlilər normal olaraq, etnik türk kimi qəbul edildiyi üçün onların statistikası aparılmayıb. Təqribi hesablamalara görə, Həmşin bölgəsi daxil olmaqla, Türkiyənin müxtəlif guşələrində 150-200 min həqiqi həmşinli yaşayır. Erməni mənbələrinə əsasən isə Türkiyədə, Gürcüstanda (Abxaziyada), Rusiyada bütövlükdə 800 min nəfərədək «islamlaşdırılmış və xristian kimliyini qorumuş həmşin erməniləri» vardır. Ermənistan vaxtilə Qara dəniz bölgəsində və Şərqi Anadoluda yaşamış 1915-ci il hadisələrindən sonra buradan Rusiya imperiyası (Gürcüstan və indiki Ermənistan) ərazilərinə köçürülmüş etnik erməniləri «həmşinli» kimi təqdim etməyə çalışır və təbliğat kampaniyalarında istifadə edirlər. Hazırda özlərini «türk» və «müsəlman» kimi identifikasiya edən həmşinlilər yalnız Rusiyanın Krasnodar vilayətində və Qırğızıstanda yaşayırlar. Onların əsas hissəsi ötən əsrin 30-cu illərinin sonunda Abxaziyadan köçürülənlərdir. Birmənalı olaraq, həmin dövrdən etibarən, Abxaziyada həmşinli yoxdur! Bu gün ermənilərin «Abxaziya həmşinliləri» kimi təqdim etdikləri süni toplum isə 1915-ci ildə Türkiyədən köç etmiş xristian ermənilərin törəmələridir və onların həmşinlilərlə heç bir əlaqəsi yoxdur…







Müsahibənin üçüncü hissəsi növbəti günlərdə dərc olunacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Türkiyə   #həmşin   #SAM   #Araz_Qurbanov   #siyasət   #erməni   #Ermənistan   #Azərbaycan   #müsaəlman   #xristian   #araşdırma   #ekspedisiya   #müsahibə  

Oxunub: 8004