Mənzilə gizli kamera quraşdıranları hansı CƏZA GÖZLƏYİR?


19:47     18 Aprel 2018 avtobus%20kamera.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu şəxsin icazəsi və məlumatı olmadan onun yaşadığı mənzilə gizli kameraların quraşdırılması və bunun yaratdığı məsuliyyətlə bağlıdır.




Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, şəxsin xəbəri olmadan onun evinə kameranın quraşdırılması həmin şəxsin ailə və şəxsi həyatına müdaxilədir.Bu cür hərəkətlər beynəlxalq və milli qanunvericiliklə qorunan əsas insan hüquqlarının pozulmasına səbəb olur.



"Şəxsin ailə və şəxsi həyatına hər hansı bir üsulla, o cümlədən onun mənzilinə müşahidə kamerasının quraşdırılması üsulu ilə müdaxilə edilməsi hər şeydən əvvəl Konstitusiyasının 32-ci maddəsində əsas insan hüquqlarından biri kimi nəzərdə tutulmuş “şəxsi toxunulmazlığ”ın, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş “Şəxsi və ailə həyatına hörmət hüququ”nun pozulması deməkdir.

Hüquqlarının bu cür pozuntusuna məruz qalmış şəxs ilk növbədə mülki mühakimə icraatı qaydasında hüququnu pozana qarşı vurulmuş mənəvi zərərin (kompensasiya) ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Bu hərəkətlərə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulmuşdur (“Şəxsi həyatın toxunulmazlığını pozma”). Həmçinin işin hallarından asılı olaraq hüququ pozan şəxsin digər maddələr üzrə də cinayət məsuliyyəti məsələsi meydana çıxa bilər. Məsələn, kiminsə mənzilinə kamera quraşdıran şəxs mənzilə həmin mənzildə yaşayanların iradəsi ziddinə daxil olmuşdursa, onun əməlində Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş “mənzil toxunulmazlığını pozma” cinayətinin, eyni zamanda bu hərəkətlər qanunsuz əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdursa, onun əməlində həmin məcəllənin 302-ci maddəsində nəzərdə tutulmuş “əməliyyat-axtarış fəlaiyyəti haqqında qanunvericliyi pozma” cinayətinin tərkibi yaranacaq və o, qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcəkdir."

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Hüquq   #Vəkil   #Video   #Azərbaycan   #Polis   #məhkəmə   #Hakim   #Cinayət_  

Oxunub: 15425