Yeni türk toplumu tapıldı - Kürəsünniləri Azərbaycanla nə bağlayır? (MÜSAHİBƏ)


16:20     20 Aprel 2018 2018/04/3_4572633405.jpg


Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanov ötən ay Türkiyə - Qara Dəniz bölgəsinə səfər edərək orada ekspedisiya aparıb. Ekspedisiyanın əsas məqsədi bölgədə yaşayan və Həmşinlilər kimi təbir olunan türk etnosunun qədim tarixi köklərini araşdırmaq və ermənilərin bu topluma vurmaq istədiyi "müsəlman ermənilər" iddiasının qarşısını almaqdır.

Araz Qurbanov ekspedisiya barədə Femida.az-a geniş müsahibə verib. Müsahibənin üçüncü hissəsini təqdim edirik.

I HİSSƏ
II HİSSƏ

- Ermənilər həm də həmşinlilərin fərqli dildə - «Həmşin dilində» danışdıqlarını iddia edirlər…

- Bu da heç bir tarixi və linqvistik materiala söykənməyən gülünc iddiadır. «Həmşin dili» yoxdur və olmayıb. Bu siyasi mifdən həm Ermənistan, həm də Türkiyədə onun himayəsi altında olan erməni dərnək və vəqfləri istifadə etməkdədirlər. Ermənistan bu gün «unudulmaqda olan Həmşin dili» adlandırdığı anlayış məhz erməni mənbələrinə istinadən dil deyil, «erməni dilinin Qərb dialektidir». Bu dildə həmşinlilər deyil, vaxtilə Şərqi Anadoluda, Qara dəniz sahillərindəki bölgələrdə yaşamış ermənilər danışıblar. Həmşinlilər, hətta onların 80-95 yaşlı sakinləri də «erməni» kəlməsini qıcıqla qarşılayır, erməni dilini qətiyyən başa düşmürlər. Həmşinlilər haqlı olaraq, öz ləhcələrini «türk dilinin həmşin dialekti» adlandırırlar. Həmin dialektdə isə Azərbaycanın Quba, Şəki-Qax, Naxçıvan, Xoy-Təbriz və Muğan dialektlərinin əlamətləri, leksik vahidləri özünü qabarıq göstərməkdədir. Məsələn, adını çəkdiyim Lüsine Saakyan həmşin dilinin ermənicənin «50 dialektinin birində», erməni əsilli Türkiyə araşdırmaçısı Mahir Özkan «onlarca dialektlərindən birində», Haykazun Alvertsyan «xeyli sayda dialektlərindən birində», Hikmət Akçiçək isə «60 dialektindən birində» danışdıqlarını iddia edirlər. Məntiqə görə, əgər bu dil erməni dilinin ləhcələrindən biri olsaydı, ermənistanlı professor, «həmşinşünas» Sergey Vardanyan həmşinli araşdırmaçı Rəmzi Yılmaza «Mən dörd ildir ki, həmşin dilini öyrənirəm» deməzdi.

Həmşin dialektinə məxsus olan, Türkiyənin digər bölgələrində işlədilməyən «naməlum» leksik vahidlərə gəldikdə isə onların təsnifatını şərti olaraq aşağıdakı kimi göstərmək mümkündür. Bu sözlərin təqribən 30%-i hazırda türk dilində istifadə olunmayan, lakin qaşqay, çuvaş,özbək, hakas dillərində saxlanılar arxaik türk kəlmələrdir. Türkiyədə «unikal Həmşin sözlərinin 35%-i isə yarımköçəri həyat tərzi sürən türkmanlara, o cümlədən Azərbaycan türklərində bu gün də işlədilir. Doğrudur, onların içərisində ərəb və fars mənşəli kəlmələr də vardır. Bu isə regionda xalqların qarşılıqlı əlaqələri, islam dini amili ilə bağlıdır. Tədqiqatçıların ümumi qənaətinə görə, qədim dövrlərdə bu regionda yaşamış xalqlara (saka-skif, kimer, urartu, və s.) aid sözlər bu ləhcənin lüğət tərkibinin 15%-ni, etnik mənşəyi müəyyən olunmayan kəlmələr isə 10%-ni təşkil edir. Bundan başqa, 5% söz Qafqaz xalqlarından – gürcü və lazlardan götürülmüşdür. Cəmi 5% söz isə erməni, əslinə qalsa, parf mənşəlidir.

Ermənistan məhz yuxarıdakı təsnifata daxil olan və ümumi sayı 300-çatan bütün sözləri guya «qədim erməni kəlmələri» kimi təqim edir, miqdarını 500-çatdırır və bunun əsasında «həmşin dilinin erməni dili olduğunu» iddia edir. Bu məntiqsizliyi isə məşhur erməni dilçisi Raçiya Açaryan ifşa edir. Belə ki, o, 1926-cı ildə Bakıda keçirilmiş Birinci türkoloji konfransda erməni dilində işlədilən 3500-dən çox sözün türk mənşəli olduğunu bildirir. Bu məntiqə əsaslansaq, qondarma «Həmşin dili» ilə müqayisədə erməni dilinin özü yeddiqat türk dilidir! Vaxtilə müasir erməni ədəbiyyatının banisi sayılan Xaçatur Abovyan vaxtilə etiraf etmişdir ki, ermə ni xalqı xeyli sayda türk sözlərini mənimsəmiş və bu günədək onlardan geniş istifadə etməkdədir: «Bizim dilimizin ən azı 50%-i türk sözlərindən ibarətdir. Həmşin ziyalıları isə, danışdıqları ləhcəni «yabançı sözlərlə korlanmış» türk dili adlandırır və türk dilinin qeyri-müəyyən sözlərdən tədricən, zaman keçdikcə təmizlənəcəyini söyləyirlər. Bu təşəbbüs isə ermənilər tərəfindən qısqanclıqla qarşılanır və «həmşinlilərin etnik hüquqlarının pozulması» kimi dəyərləndirlər.



- Ekspedisiya zamanı daha hansı nəticələri əldə etdiniz?

- Nəticələr çoxdur, ehtimal səviyyəsində olanlar da var və təsdiqlənmələri araşdırmalar tələb edir. Gəldiyim qənaətləri isə yəqin ki, «Həmşin gündəliyi» kitabı üzərində də işləyəcəm. Hazırda bu ilin sonlarında Türkiyəli iki alim ilə birlikdə Həmşin bölgəsinə növbəti ekspedisiyada iştirak etmək üçün yeni dəvət almışam. Bunlar isə gələcək planlardır. Xüsusilə qeyd edim ki, bizim həmşinlilərlə ortaq cəhətlərimiz, məqsədlərimiz çoxdur. Üzləşdiyimiz problemlər də eynidir. Odur ki, onlarla əlaqələrin daha da möhkəmləndirilməsini əhəmiyyətli hesab edirəm.

Onu da əlavə edim ki, Türkiyədə ali təhsilə, siyasətə meyil edən qruplar içərisində həmşinlilər həmişə üstün mövqedə olublar. Həmşinlilərin «qürbətçilik» ənənəsi, vaxtilə Rusiyada, hazırda isə Avropada və Yaxın Şərq dövlətlərində biznes fəaliyyəti ilə məşğul olmaları nəticəsində qismən Avropa mədəniyyətinin təsirinə məruz qalmış, demokratik fikirli toplum, «Atatürkün dayaqları» kimi tanınıblar. Söhbət zamanı qürur hissi ilə tez-tez bu ifadəni işlədirlər: «Biz Osmanlı torunu deyilik, türkük, Osmanlı dövlətini və cümhuriyyəti quranlardanıq». Müxtəlif siyasi partiyalara mənsub olan həmşinlilərlə söhbət zamanı müəyyən olur ki, onlarda türkçülük məfkurəsi siyasi maraqlardan üstün mövqedə dayanır. AKP və MHP-nin funksionerlərinin bir hissəsi bu bölgədən çıxanlardır. Qeyd edək ki, 2017-ci ildə HDP bölgədə öz şöbəsini yaratmağa çalışıb, lakin yerli əhalinin kəskin etirazından sonra oranı təcili tərk etmək məcburiyyətində qalıb.



Eyni zamanda, İstiqlal savaşı dönəmindən etibarən Türkiyə Silahlı Qüvvələrində, o cümlədən hazırda xüsusi təyinatlı hissələrdə (Özəl Hərəkat Qüvvələrində) yüksək rütbəli zabitlər içərisində yüzlərlə həmşinli vardır. Bundan başqa, TRT kanalı da daxil olmaqla ölkənin aparıcı kütləvi informasiya vasitələrində rəhbər vəzifə tutanlar arasında da həmşinlilər çoxdur. Ankara, İstanbul, İzmir, Van, Trabzon kimi iri şəhərlərdə şirniyyat və qənnadı müəssisələrinin bir çoxu həmşinlilərə məxsusdur. Onlar hotelçilik, ictimai iaşə və nəqliyyat sahələrində də mühüm şirkətlərə başçılıq edirlər.



- Ekspedisiya zamanı «kürəsünnilər» adlanan soydaşlarımız ilə də görüşləriniz oldu. Tədqiqat obyektiniz olan həmşinlilərlə onların bir əlaqəsi varmı?

- Həqiqət yolumuz üçrəngli bayrağımızdakı rəmzlərdir – etnik kimliyimizin dini mənsubiyyətimizdən yuxarıda və birinci olmasıdır. Bu gün türk xalqlarının birliyindən danışırıq. Bu birlik vacibdir. Lakin ümumi sayının 50 milyon nəfər olduğunu iddia etdiyimiz Azərbaycan türklərinin birliyinə nail olmaq ilk addım kimi əhəmiyyətlidir. Soydaşlarımızı nə sünniyə, nə şiəyə, nə də ələvilərə ayırmamalıyıq. Baxın, bu gün Azərbaycanda kürəsünnilərin kimliyini soruşsaq, əmin edirəm ki, əhalinin heç olmasa mində biri onlar haqqında az-çox məlumatlı olduğunu deyərsə, böyük göstəricidir. Halbuki, bu toplum yüzdə-yüz Azərbaycan türkləridir, canı bir, qanı bir soydaşlarımızdır. Ekspedisiyanın son nöqtəsi Van şəhəri, Aktomar kilsəsi olduğu üçün burada kürəsünnilərlə də görüşməyi planlaşdırmışdıq. Hopadan Vana doğru 800 kilometr yolu on saata qət etdik. Ərzurum dağlarında qar çovğununa düşdük, yolu azdıq. Yalnız həmşinli dostum Mətin Gültanın sürücülük məharəti sayəsində axşam saat 10-da özümüzü Vana, kürəsünnilər dərnəyinin binamına çatdıra bildik.

Dörd saat gecikməyimizə, havanın isə şaxtalı-sazaqlı olmasına baxmayaraq, dərnək üzvləri, təqribən 50 gənc dağılışmamışdı, bizi gözləmişdilər. Əvvəlcə dərnəyin rəhbəri Bilal Yücebaş bir il əvvəl təsis edilmiş qurumun işindən, məqsədlərindən, gələcək planlarından danışdı. Üzvlərlə söhbət etdik. Həmşinli Mətin bəy isə heyrətini gizlədə bilmədi. Məlum oldu ki, «naməlum mənşəli» həmşin sözlərini bu bölgənin Azərbaycan türkləri də gen-bol işlədirlər. Təssüflə o da məlum oldu ki, mən Azərbaycandan gəlib həmşinlilərlə maraqlanan ilk elmi işçiyəm…

Bilal bəyin sözlərinə əsasən, Vanda Kürəsünnilər dərnəyinin yaradılmasında məqsəd ilk növbədə qədim türklərin - Azərbaycan türklərinin bir qolu olan kürəsünnilərin etnik kimliyini qorumaq, onları zərərli siyasi təsirlərdən mühafizə etməkdir. İlkin müşahidələrimə görə, Türkiyənin müəyyən dairələri kürəsünnilərə yönəlik siyasətdə, onların İrana və kürd separatizminə meyillərinin qarşısının alınmasında «osmançılıq», «ümmətçilik» və «türkçülük» ideyalarından fəal istifadə etmişlər. Təsadüfi deyil ki, Kürəsünnilər Dərnəyinin konfrans salonunda Sultan Səlimin divarboyu iri portreti asılmışdı. Onların kürdləşdirilməsinə qarşı isə milliyyətçilik ideyaları ön plana çıxarılıb. Belə ki, son illər kürəsünnilər arasında HDP-yə meyil əhəmiyyətli dərəcədə azalıb, əvəzində isə AKP və MHP tərəfdarlarının sayı artıb. Kürəsünnilər arasında türkçülük ideyalarının, etnik özünüdək meylinin yayılması onların Azərbaycana maraqlarını xeyli artırır. Lakin təssüf ki, bu maraq birtərəflidir. Hətta dərnək fəalları Azərbaycanın yardımı ilə etnik folklor ansamblının yaradılması, qarşılıqlı turizm marşrutlarının təşkili arzusunu da bildiriblər. Ən böyük arzuları isə Azərbaycan tarixçiləri və etnoqrafları ilə əlaqələr qurmaq, bölgənin folklorunu araşdırmaq, birgə layihələr həyata keçirməkdir.

Qeyd edim ki, kürəsünnülər Azərbaycan tarixşünaslığının və etnoqrafiyasının az öyrənilən, əslinə qalsa öyrənilməyən istiqamətlərindən biridir. Türkiyə alimlərinin ortaq qənaətinə əsasən, kürəsünnilər bölgədə islamın sünni məzhəbinə tapınan Azərbaycan türkləridir. Vandakı qədim tikililərdən Koroğlu qalası, Qız qalası, Oğlan qalası kimi qədim abidələr onların maddi-mədəni irs nümunələrindən sayılır. Məhz məzhəb fərqinə görə İranın Urmiyə və Xoy bölgələrindən, Təbriz ətrafından Osmanlı dövlətinin ərazilərinə köçən, Sultan Səlimə sədaqət göstərərək səfəvilərlə döyüşlərdə fəal iştirak edən, qızılbaşlıq ideyasının qatı əleyhdarları kimi tanınan kürəsünnilərə Osmanlı sultanları torpaqlar vermiş və onların əsas hissəsini Van bölgəsində məskunlaşdırmışlar. Osmanlının Səfəvi dövləti ilə sərhədlərinin qorunması da kürəsünnilərə həvalə olunmuşdu.



- Araz müəllim, «kürəsünni» nə deməkdir?

- İtalyan tarixçisi və yazıçısı Aleksandr Bavzan öz əsərlərində onları «persiyalı» adlandırmışdı. «Kürəsünni» kəlməsinin isə müxtəlif izahları vardır. Onun fars dilində «sünni oğulları» anlamını verməsi, səfəvilərin məzhəbini dəyişmək istəməyən sünnilərin gözlərini çıxartdıqlarına görə farsca «Kure sonni», yəni «Kor sünni» adlandırılması, dini liderləri olmuş Kor Həsənin adı ilə Korhəsənli kimi tanınmasına dair fikirlər vardır. Bir sıra tədqiqatçılar isə kürəsünnilərin qədim vətəninin Kür və Araz çayları arasında olan ərazilər olmasına və həmin hidronimlər əsasında «Kürəsünni» kəlməsinin yaranmasına əmindirlər. Hazırda İranın Urmiyə, Xoy və Salmas bölgələrində kürəsünnilər yaşamaqdadır. Onların bir hissəsi isə əcdadlarının Qara dəniz sahilindəki Giresun bölgəsindən köç etmələrinə əmindirlər. Türkiyəli alim Yaşar Kalavat kürəsünnilərin ləhcəsini haqlı olaraq Qara dəniz və Təbriz şivələri əsasında formalaşması qənaətindədir. Əlavə edək ki, kürəsünnilər də həmşinlilər kimi özlərini oğuzların çepni boyunun törəmələri adlandırlar. Hazırda Türkiyədə təqribən 150 min kürəsünninin yaşadığı bildirilir. Onların böyük hissəsi isə Van bölgəsində məskunlaşıb. Onu da əlavə edim ki, Van bölgəsinin mədəniyyəti Qars və İğdırda olduğu kimi məhz Azərbaycan etnik mədəniyyətinin bazası üzərində formalaşıb.

Həm İran İslam Respublikasının məlum dairələri, həm də bölgədəki kürd separatçı qüvvəlləri kürəsünnilər ətrafında yaranmış boşluqdan istifadə edərək onlarla sıx «işgüzar» əlaqələr qurulmasına ciddi səylər göstərirlər. Məsələn, statistik məlumatlara əsasən, 2017-ci ildə Van bölgəsində bir milyona yaxın İran vətəndaşı turist qismində gəlmişdir.

Hazırda mehmanxanalarda, ticarət və iaşə obyektlərində iranlı missionerlər kürəsünnilər arasında açıq anti-Azərbaycan təbliğatı aparır, rəsmi Bakını İsrailə meyil etməkdə, müsəlmanların dini etqadına mane olmaqda - bu zaman məqsədli şəkildə «şiə kartından» istifadə etmirlər, guya bölgədə Rusiyanın siyasətini yürütməkdə, Türkiyənin maraqlarına zidd fəaliyyətdə və s. ittiham edirlər. Faktiki olaraq, İİR-in bəzi dairələri hazırda Türkiyəyə, perspektivdə isə Azərbaycana yönəlik siyasətində kürəsünnilərdən «yumşaq güc» elementi kimi istifadə etməyi nəzərdə tutur. Həmin dairələr kürəsünnilərin etnik identikliyini və məzhəb bağlılığını, onların İranın Xoy və Təbriz ətrafında yaşayan qohumları ilə davamlı əlaqələrini əsas götürərək emissar qismində etnik azərbaycanlılardan istifadə edir. Digər tərəfdən, kürəsünnilərin İran ilə ticari əlaqələrinin genişlənməsinə, bu ölkəyə səfərlərin təşkilinə də imkan və imtiyazlar yaratmaqdadır.

Van bölgəsinin «kürdlərin tarixi əraziləri» olduğunu iddia edən PKK və Xalqların Demokratik Pariyasının funksionerləri də kürəsünniləri öz tərəflərinə çəkmək məqsədilə səy göstərirlər. Belə ki, təbliğatda onları «kürdhəsinlər» (kürdcə: dəmir kimi kürdlər), «türkləşmiş ən qədim kürd tayfaları» adlandırır, tanınmış ziyalılarını və iş adamlarını müxtəlif bəhanələrlə HDP sıralarına cəlb etməyə çalışır, kürəsünni və kürd gəncləri arasında evliliyi təqdir edirlər. Son illər Van bölgəsinə kürdlərin kütləvi axınına baxmayaraq, kürəsünnilər parlament və bələdiyyə seçkilərində hələ də mühüm elektoratlardan biri hesab olunmaqdadır. Odur ki, həm İran, həm də PKK-HDP onların ələ alınması və istiqamətləndirilməsi yönündə fəaliyyət göstərməkdədirlər. Bu isə kürəsünnilərin siyasi-mədəni təşkilatlanması prosesinə ciddi maneələr törədir.



- Olduğunuz bölgələrdə ermənilər varmı?

- Həmşində nə əvvəllər, nə də indi erməni olmayıb, hətta guya onların içərisinə qarışmış «müsəlman ermənilərin» törəmələrinin bu gündə burada yaşaması barədə iddiaların heç bir əsası yoxdur. Amma son illər Trabzon şəhərinə və onun ətrafına Gürcüstandan gürcü ad-soyadlı ermənilərin və Ermənistandan etnik ermənilərin axını nəzərəçarpacaq dərəcədə artıb və bu ucuz işçi qüvvəsi yerli əhalinin işsizlik probleminin kəskinləşməsinə və onların ciddi narazılığına səbəb olub. Türkiyənin 2014-cü ilə aid rəsmi mənbələrinə əsasən, erməni «miqrantlarının» sayı 100 min nəfərdir. Lakin hazırda onların sayı təqribən 150 min nəfəri ötüb. Türkiyədəki Xalqların Demokratik Partiyası və burada fəaliyyət göstərən erməni təşkilatları həmin miqrantların daimi məskunlaşmasına və vətəndaşlıq hüququ almalarına çalışırlar. Məsələn, HDP-nin Mərkəzi Komitəsinin üzvü, Türkiyədəki erməni gənclərinin «Nor Zartonk» təşkilatının rəhbərlərindən olan Murad Mıxçı həmin ermənilərin «miqrant» kimi təqdim olunmasına qarşı kampaniyaya başlayıb. Onun sözlərinə görə, bu ermənilər «tarixi vətənlərinə, babalarının torpaqlarına qayıtmışlar və Türkiyə hökuməti onlara bunun üçün əlverişli şərait yaratmalıdır».



Yerli əhalinin müşahidələrinə əsasən, Ermənistandan gələrək qeyri-qanuni şəkildə Türkiyədə məskunlaşanların böyük hissəsini orduya çağırış yaşlı gənclər təşkil edir və özlərini bir qayda olaraq Soçi, Batumi və Kutaisi sakinləri kimi təqdim edirlər. Bu qrup viza müddətinin bitməsinə baxmayaraq, hazırda Türkiyə ərazisində qeyri-qanuni yaşayır və əsasən ticarət və xidmət sahəsində çalışırlar. Ermənistandan gələn gənclər yerli əhali ilə söhbət zamanı Ermənistanda yaşayış səviyyəsinin getdikcə pisləşməsindən, işsizlik və qiymət artımından şikayətlənir, Qarabağda döyüşməkdən imtina etdiklərini bildirirlər. SAM əməkdaşı Trabzonda xidməti ezamiyyətdə olarkən yerli sakinlər bu faktı təsdiqləmişdilər. Həmin qrupun nümayəndələri burada türk dilini öyrəndikdən və maddi vəziyyətlərini nisbətən yaxşılaşdırdıqdan sonra meqapolislərə, məsələn, İstanbul, İzmir kimi şəhərlərə üz tuturlar. Özlərini etnik gürcü kimi tanıdanlara isə Rizə, Kamalpaşa, Sarpı və Hopa ilçələrinin ictimai iaşə və ticarət obyektlərində rast gəlinir. Baxın, bütün bunlar jurnalistlərimiz üçün yeni araşdırma obyektləridir.

- Yeri gəlmişkən, kitabınızın türkcəyə çevrilməsi barədə düşünürsünüzmü?

- Bunu mən də, Türkiyədəki həmkarlarım da istəyirlər. Belə bir niyyət var, Türkiyəli dostlar onun çap xərclərini və pulsuz yayılmasını öhdələrinə götürmüşlər. Sadəcə olaraq, mətnin türkcəyə çevrilməsi lazımdır. Hazırda bu iş üçün sponsor axtarışındayam.



- Araz müəllim, böyük tarixi əhəmiyyəti olan bu ekspedisiyanı apardığınız və dəyərli vaxtınızdan ayırıb geniş müsahibə verdiyiniz üçün təşəkkür edirik.

- Mən təşəkkür edirəm, buyurun.



Qeyd edək ki, müsahibə 3 hissədən ibarətdir. Əvvəlki iki hissəni aşağıdan oxuya bilərsiz:

I HİSSƏ
II HİSSƏ

Amin Nəzərli
Femida.az

Açar sözlər: #həmşin   #həmşinli   #türk   #erməni   #Türkiyə   #ekspedisiya   #araşdırma   #SAM   #Araz_Qurbanov   #kürəsünlü   #siyasət  

Oxunub: 12575