Amaliyanın anomaliyası

Amaliyanın anomaliyası


14:21     21 Aprel 2018 2018/04/nermine_dadasova_1524292804.jpg

Dünəndən xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovanın tədbirlərin birində çəkilmiş görüntüsü sosial medianı başına götürüb.

Uzun zamandır ki, keçirdiyi plastik əməliyyatlarla gündəmdə olan xanım sənətçi yenicə boyadığı saçları, verdiyi artıq çəkiləri, par-par parıldayan üz dərisi ilə təəssüf ki, heç kimin gözünü-könlünü oxşaya bilməyib. İki gündür işimi-gücümü atıb müxtəlif səhifələrdə xanımın məlum şəklinə gələn şərhləri oxuyuram. Bir Allah bəndəsi illərin sənətkarına bir cüt xoş söz yazmayıb, arxadaş. “Bu yaşda sənin nəyinə lazım idi, plastik əməliyyat” deyirlər xanıma. Şəkildəki görüntünü bəyndimmi, yox, bəyənmədim. Bəs Amaliya xanımı qınayırammı, yox qınamıram.

Mən Amaliya Pənahovanı ona görə qınamıram ki, 77 yaşlı qadının israrla gənc görünmək, gözəl görünmək istəməsindən xoşlanıram. Yaşımız qırxa çatmamış buraxırıq çəkimizin, dərimizin, gözəlliyimizin başını. Rəngləri belə yaş həddinə görə qruplaşdırırıq. Məsələn, qırmızı geyinən yaşlı qadın tez-tezmi çıxır rastına? Zamana meydan oxumaq varkən, çox tez təslim oluruq. Burnunuz xoşunuza gəlmirsə, qurtulun ondan, çəkinizlə barışmırsınızsa kiçildin mədənizi, dərinizi, saçınızı gözəl saxlayın ...

Mən 3-4 il bundan əvvələ qədər heç bir kosmetik vasitədən istifadə etmirdim. Düşünürdüm ki, iki balaca uşaqla nəyimə lazımdır dodaq boyası çəkmək, saçlarımı düzləşdirmək? Bir gün uşaqlarla parkdan qayıdırdıq, 12-13 yaşlarında bir oğlan uşağı mənə yaxınlaşıb, “xala, damafonun açarı var, sizdə” ? -dedi. Elə bil 220 voltluq elektrikə qoşdular məni. “İstedadsız! ” -dedim uşağa. Açarı da vermədim təbii ki.

O gün, bu gün, təpəmin ortasında topuzladığım, iş-güc ucbatından yalnız həftənin cüt günləri daradığım saçlarımla oynamağa başladım. Gözəl ana olmaq üçün, bəzən saatlarla güzgü qabağında dayandım. Xeyli kilo verdim. Baxdım ki, sən demə bütün bunlarla məşqul olmağa vaxtım var imiş. Və mən bunları heç kim üçün yox, məhz özüm üçün etdim. Canıma hopmuş yorğun qadına təslim olmamaq üçün, heç nəyi heç nəyə qurban verməmək üçün, içimdəki hələ də baş edə bilmədiyim nadinc uşağı öldürməmək üçün etdim...

Yəni, sənin Amaliya xanımı bəyənməməyin, onu belə amansızlıqla tənqid, hətta təhqir eləməyin onun üçün heç nəyi dəyişməyəcək, inan mənə. Çünki o, qərarını verib. Çünki o, israrlıdır. Gənc qocalacaq, mümkün olduğu qədər çəkdirəcək üzünün dərisini, qurtula bildiyi qədər qurtulacaq kilolarından, rəngləyə bildiyi qədər rəngləyəcək saçlarını, nəticənin necə olmasından asılı olmayaraq, girə bildiyi bütün plastik əməliyyatlara girəcək, ala bildiyi bütün riskləri alacaq. Əsas olan sənin, mənim nə düşündüyüm deyil ki, əsas olan aynaya baxanda onun nə düşündüyüdür, əzizim.

Sonuncu açıqlamasında şəklin yaxşı rakursdan çəkilmədiyini deyib böyük sənətkar. Fotonun uğursuz alındığını dönə-dönə qeyd edib. Dedim axı sizə, dostlar, dedim...

Məncə də dünyanı gözəllik xilas edəcək...bir də təbəssüm.
Gözəl-gözəl gülümsəyin həyata...


Nərmin Dadaşova
Femida.az



Açar sözlər: Köşə   #Amaliya   #gözəllik   #əməliyyat   #estetik  

Oxunub: 3240