Psixoloji problem boşanmaya əsas verirmi? - Hüquqi yardım

Psixoloji problem boşanmaya əsas verirmi? - Hüquqi yardım


16:41     21 Aprel 2018 2018/04/bosanma_1524300098.jpg

Günümüzdə nikah bağlayan cütlüklərin qısa müddət sonra boşanması hallarına rast gəlirik. Buna adətən tərəflərdən birinin digərindən gizlətdiyi xəstəliyinin olması səbəb olur. Düzdür, indi evlilikdən öncə cütlüklərin mütləq tibbi müayinədən keçməsi tələb olunur. Lakin bu müayinələr zamanı çox vaxt psixoloji problemləri aşkar etmək olmur. Tərəflərdən birinin psixoloji problemi boşanmaya əsas verirmi? Psixoloji xəstəlik evlilik məsuliyyətindən yayınmaq kimi qiymətləndirilə bilərmi?

Məsələni Femida.az-a hüquqşünas Loğman Abdullayev şərh edib. O bildirib ki, bu haqda yalnız bir norma var ki , bu da nikaha girəndən sonra qarşı tərəf gizlədilən haldan agah olarsa, nikahın etibarsz hesab edilməsi haqqında iddia qaldıra bilər. Yoxsa nikah vaxtı kiminsə xəstələnməsi nikahın pozulması üçün hüquqi əsas deyil.

“Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Belə ki, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər nikaha girə bilməzlər.

Məcəllənin 25-ci maddəsinə görə isə tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız hesab olunur. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır”.



Qeyd edək ki, nikahdan öncə cütlüklər tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməlidirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqşünas   #Loğman_Abdullayev   #ailə_məcəlləsi   #qanun   #nikah   #boşanma   #psixoloji  

Oxunub: 6786