AŞPA-nın yaz sessiyası başlayır


14:29     23 Aprel 2018 big_1412584926_aspa.jpg

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işə başlayacaq.


Femida.az xəbər verir ki, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İqlim dəyişiklikləri üzrə Paris Sazişi, Avropadakı jurnalistlərin statusu, Liviyada hazırkı vəziyyət və Avropa Şurasının rolu, Hibrid müharibə və insan hüquqları üzrə öhdəliklər, Avropada dərmana qarşı davamlı olan vərəm xəstəliyi, Miqrant uşaqların inteqrasiyası və məcburi təhsili barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə ediləcək.

Femida.az

Açar sözlər: #AŞPA   #Beynəlxalq   #münasibətlər   #Strasburq  

Oxunub: 828