Kəndlərarası yollar yenidən qurulur


15:46     23 Aprel 2018 2018/04/644725_1524469632.jpg

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Femida.az-a verilnə məlumata görə, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması yol boyu 15 yaşayış məntəqəsində yaşayan 42 min nəfər əhalinin gediş-gəlişini təmin edir və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırır.

Agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 m-ə qədər genişləndirilir. Bura 6 m enində hərəkət hissə və 2 m enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq 155 min kv.m sahədə çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 66 500 p/m uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 363 min kv.m həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılacaq. Yolun 210 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənəcək.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu 288 p/m 500 mm-lik, 118 p/m 1000 mm-lik diametrli dəmir-beton boruların quraşdırılması nəzərdə tutulub. Bundan başqa yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunacaq.

Tikinti layihəsinin sonuncu mərhələsində 70 ədəd km göstəricinin, 192 ədəd yol nişanlarının, 1280 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin isə tam olaraq payız aylarda yekunlaşdırlması nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #Avtomobil   #Agentlik   #Yol  

Oxunub: 995