“Metrolara çatdırılma pulsuzdur” – Pərakəndə satışın cəriməsi varmı?


16:07     23 Aprel 2018 18_04_23_1524470606.jpg


Son vaxtlar internetdən alış-veriş etmək trend hal alıb. Xüsusilə də sosial şəbəkələrdəki səhifələrdən. Bu tipli elanlarda isə adətən belə cümləyə rast gəlirik: “Metrolara çatdırılma pulsuz”. Əslində bu elektron alış-verişdən daha çox, internetdə öz malını reklam etmək və satmaqdır. Başqa sözlə desək, müştəri sosial şəbəkədə istədiyi malı seçir, elanı qoyan şəxslə əlaqə saxlayır, müəyyən görüş yeri təyin olunur və daha sonra bu yerdə alqı-satqı işi həyata keçir. Görüş yerləri isə adətən hamıya rahat olsun deyə metro stansiyalarına təyin olunur. Bu cür satışın cəriməsi varmı?

Femida.az vətəndaşlara hüquqi yardım layihəsi çərçivəsində məsələni araşdırıb.

İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.

Lakin bu cür satış açıq ticarət olmadığından inzibati məsuliyyət yaratmır. Çünki ortada heç bir ictimai təhlükə və asayişi pozma halı olmadığından polisin cərimə yazmaq üçün əsası yoxdur. Əməldə inzibati xəta olmadığı halda polis cərimə yazarsa, qərardan məhkəməyə şikayət edib onu ləğv etdirmək və iş üzrə icraata xitam verdirmək olar.

Adətən polislər metroda polislər təhlükəsizlik məqsədi ilə bu halların qarşısını almağa çalışırlar. Hər bir halda, ticarətin bu qaydada aparılması kütləvi hal almamalıdır.

Üstəlik bu cür satış edən şəxslərin mütləq VÖEN hesabı olmalı və satdığı malın dəyərinə uyğun vergi ödəməlidir.

Yeri gəlmişkən, belə satışları elektron alış-verişlə də qarışdırmaq olmaz. Tərəflər bir-birini internetdə tapsa da, burada elektron ticarət formasında satış yoxdur. Çünki elektron ticarətin əsas prinsiplərindən biri elektron şəkildə müqavilə bağlamağı nəzərdə tutur. Bu zaman alıcı və satıcı bir biri ilə canlı ünsiyyətdə olmur. Müştəri satış portalında qeydiyyatdan keçir və malın pulu onlayn şəkildə bank hesabından çıxılır.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #hüquqi_yardım   #qanun   #məcəllə   #inzibati   #xəta   #hüquqşünas   #vəkil   #femida   #polis   #cərimə   #vergi   #ticarət   #satış  

Oxunub: 7882