Bakıda cinayət törədən 32 qrup ifşa olunub


21:33     23 Aprel 2018 ogrular-hebs25.jpg

Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.


İdarədən Femida.az-a verilən xəbərə görə, 2018-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2.657 (2017-ci ilin müvafiq dövründə 2.865) cinayət qeydə alınıb ki, onların da 89,3%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 10,7%-i isə ağır və xüsusilə ağır növlər olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 44,1%, şəxsiyyət əleyhinə olan cinayətlər 8,4%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 21,1%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 20,7%, mülkiyyət əleyhinə olan cinayətlər 10,9%, xüsusi əmlak oğurluqları 4,8%, quldurluqlar 9,5%, dələduzluqlar 31,5%, hədə-qorxu ilə tələb etmələr 20,0%, avtonəqliyyat oğurluğu 2 dəfə, avtonəqliyyatın qaçırılması 22,7%, xuliqanlıq cinayəti 7,2%, insan alveri ilə bağlı cinayətlər 10,8% azalıb, adam oğurluğu cinayəti isə ümumiyyətlə qeydiyyata alınmayıb.

Cinayətlərin 77,2%-nin (2017-ci ilin müvafiq dövründə 75,4%), ağır növlərinin 73,7%-nin (73,8%), qeyri-aşkar şəraitdə baş verənlərin 65,2%-nin (67,7%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 401 cinayətdən 94,8%-i (88,4%), o cümlədən qəsdən adam öldürmələrin 84,6%-i (100,0%), adam öldürməyə cəhdlərin 100,0%-i (100%), qəsdən sağlamlığa ağır zərər vurmaların 92,5%-i (85,0%) və zorlamaların 100,0%-i (100,0%) açılıb.

2017-ci ilin müvafiq dövrü ilə nisbətdə ümumi cinayətlərin açılması 1,8%, şəxsiyyət əleyhinə olan cinayətlər 6,4%, ehtiyatsızlıqdan adam öldürmələr 66,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7,5%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 6,2%, avtonəqliyyat oğurluğu 15,0%, dələduzluqlar 5,4%, soyğunçuluqlar 5,7%, quldurluqlar 8,9%, hədə-qorxu ilə tələb etmələr 33,3%, avtonəqliyyatın qaçırılması 25,7%, xuliqanlıqlar 2,8%, insan alveri ilə bağlı cinayətlər 31,0%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 4,1% yaxşılaşıb.

Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1.584 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 72 bağlı cinayət açılıb.

Bildirilib ki, hesabat dövründə 16 soyğunçuluq və quldurluq cinayəti törətmiş 28 nəfərdən ibarət 16 qrup, eləcə də 41 mənzil oğurluğu törətmiş 36 nəfərdən ibarət 16 cinayətkar qrup ifşa olunub. Narkotiklərlə bağlı aşkar edilmiş 234 fakt (2017-ci ilin müvafiq dövründə 294) üzrə qanunsuz dövriyyədən 172 kiloqramdan çox (+11 kq 603 qr) narkotik vasitə çıxarılıb.

Femida.az

Açar sözlər: Cinayət   Həbs   Bakı  

Oxunub: 770