Müəllimlərin müsahibəsinə başlanılır


21:53     23 Aprel 2018 muellim5.jpg

Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üzrə elektron sənədlərin qeydiyyatı başa çatıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, elektron qeydiyyat http://www.miq.edu.az/muqavile/ saytı vasitəsi ilə həyata keçirilib.

Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçiriləcək.

Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilər.

Elektron ərizəsi imtina edilmiş müəllimlərin imtina səbəbləri, ərizəsi təsdiq edilən namizədlərin isə müsahibələrinin keçirilmə yeri və tarixi barədə məlumat şəxsi səhifələrinə göndərilib.

Müsahibələr aprelin 26-27-də təşkil olunacaq. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Femida.az

Açar sözlər: #Müəllimlər   #müsahibə   #Təhsil-Nazirliyi  

Oxunub: 1102