4 vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı - 2 nəfərdən məhkəməyə müraciət edildi

4 vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı - 2 nəfərdən məhkəməyə müraciət edildi

14:45     24 Aprel 2018 18_04_24_1524566685.jpg

Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Femida.az-a daxil olan məlumata görə,Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, habelə Rəyasət Heyətinin cari fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verilib.

İclasda həmçinin hazırda vəkilliyə qəbul üzrə həyata keçirilən işlər, xüsusilə vəkilliyə namizədlərlə Ədliyyə Akademiyasında aparılan icbari təlimlərin vəziyyəti qiymətləndirilmiş, icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərin andiçmə mərasiminin təşkili məsələləri müzakirə olunub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, şifahi müsahibə mərhələsini uğurla keçmiş sabiq vəkil və hakimlərin, habelə iki nəfər hüquq elmləri doktorunun, cəmi 17 nəfərin vəkilliyə qəbulu üzrə andiçməsi keçirilmiş, onlara gələcək vəkillik fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda, təşkilati məsələlərə baxılaraq, bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar qəbul olunmuş, səmərəli vəkillik fəaliyyətlərinə görə bəzi vəkillər Rəyasət Heyəti adından təltif olunub.

Bundan başqa, iclasda qərara alınıbki, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılsın və ən qısa müddət ərzində komissiya araşdırmanın nəticəsinə dair müvafiq arayışı Rəyasət Heyətinə təqdim etsin.

İclasın davamında vəkil qurumları və fərdi vəkillər tərəfindən istifadə olunan hüquqi yardım haqqında müqavilənin yeni forması təsdiq olunmuş və 01.06.2018-ci il tarixdən həmin formanın tətbiqinin başlanılması qərarlaşdırılıb.

İclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, 1 vəkilə irad tutulub.

Femida.az

Açar sözlər: #Vəkil   #VƏkillər_Kollegiyası   #Məhkəmə   #hakim   #Hüquqşünas  

Oxunub: 1995