Həbsdən azad edilənlərin sayı artıb


22:12     26 Aprel 2018 2018/04/645848_1524751415.jpg

Ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.


Ədliyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.

Eyni zamanda ötən dövrdə imzalanmış əfv sərəncamları ilə 3800 məhkumun, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə 40 mindən çox şəxsin, həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşması nəticəsində yüzlərlə məhkumun müxtəlif cəzalardan azad olunması bildirilib, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası ilə bağlı görülən tədbirlər qeyd olunub. Probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb. Kollegiyada həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək, elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair aidiyyəti tapşırıqlar verilib.

Tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, çəkişmə prinsipinə dönmədən əməl olunması, ədalətli qərarların qəbul edilməsi, həbsin yalnız müstəsna hallarda seçilməsinə diqqətin artırılması, təqsirsizlik prezumpsiyasının daim təmin olunması üzrə əlavə tədbirlər müzakirə edilib.

Femida.az

Açar sözlər: Həbr   Təqsirsizlik   Çəkişmə  

Oxunub: 1660


Oxşar xəbərlər