Şəhid ailəsini narazı salan məmur KİMDİR?

Şəhid ailəsini narazı salan məmur KİMDİR?

13:50     27 Aprel 2018 2018/04/1_Beyləqan-rayonu-Şərq-giriş-hissəsi_1524822698.jpg

Aprel döyüşləri zamanı şəhid olan hərbçi Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev tərəfindən Femida.az-a müraciət daxil olub. Şəhid atasının sözlərinə görə, Beyləqan Rayon İcra Hakimiyyəti rəhbərinin tapşırığı əsasında şəhid ailələrinə torpaq sahələri ayrılır.



Buna baxmayaraq həmin torpaq sahəsi bu günə kimi Dünyamalılar Kənd Bələdiyyəsinin sədri Sahib Cəfərov tərəfindən ailəyə verilmir.



(Şəhidin atası Ədalət Mirzəyev)

“Bu məsələ artıq iki ildir ki, var. Beyləqan rayonundan olan digər şəhid ailələrinə pay torpaq sahəsi ayrılsa da, bizə verilmir. Bələdiyyə sədri gühanı icra hakimiyyətində, icra hakimiyyəti də bələdiyyə sədrinin üzərinə atır. Mən bununla bağlı sədrə bir neçə dəfə müraciət etmişəm. Bizə şərt qoydular ki, həmin torpaqda pambıq əkməliyik. Mənim buna gücüm çatmır. Oğlum bu yay hərbi xidmətə yollanacaq. Bizim əsas fəaliyyətimiz kənd təsərrüfatıdır. Bunun üçün də kifayət qədər yerimiz yoxdur. Süründürməçilik nəyə, kimə lazımdır?”

Femida.az məsələ ilə bağlı Beyləqan rayon Dünyamalılar kənd bələdiyyəsinin sədri Sahib Cəfərovla əlaqə saxlayıb.

Bələdiyyə sədrinin sözlərinə görə, hazırda şəhid ailəsinin yaşadığı əraziyə yaxın boş torpaq sahəsi yoxdur.

“Məhəbbət Mirzəyev bizim kəndin fəxridir. Necə ola bilər ki, biz onun ailəsinə diqqət etməyək? Onların yaşadığı əraziyə yaxın torpaq sahəsində pambıq əkilib. Pambıq yığımı başa çatdıqdan sonra həmin ərazidən şəhid ailəsi üçün torpaq sahəsi verəcəyik. Burada başqa variant ola bilməz” deyə sədr bildirib.

Femida.az məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
Femida.az

Açar sözlər: #Azərbaycan   #Beyləqan   #Şəhid   #Məhəbbət_Mirzəyev   #Şikayət   #Polis   #Femida  

Oxunub: 5111