AŞPA-dan seçkilərlə bağlı hesabat


00:54     24 Sentyabr 2015 92A24CA7-2486-4418-A03D-F49BB78501DD_mw1024_s_n.jpg

Avropa Şurasının Parlament Assambleyasının nümayəndələri 21-22 sentyabr tarixində Bakıya etdikləri səfərlə bağlı rəsmi saytlarında hesabat yayıblar. Femida.az-ın məlumatına görə, seçkiqabağı prosesi müşahidə edən nümayəndə heyəti bununla noyabrın 1-də keçiriləcək parlament seçkilərini dəyərləndirib.


Hesabatda bildirilib ki, seçkiqabağı mənzərənin müəyyən edilməsində AŞPA-nın nümayəndə heyətinin müşahidəçi rolunda iştirakı vacibdir. Məlumatda qeyd edilir ki, son parlament seçkilərindən bu yana, ölkə əsaslı şəkildə tərəqqiyə nail olub: “Seçkiqabağı vəziyyət haqqında Mərkəzi Seçki Komissiyası tərəfindən nümayəndə heyətinə məlumat verilib. MSK-nın verdiyi məlumata görə, bu ərəfədə seçki komissiyasına heç bir şikayət daxil olmayıb”.

Burada müxalifət nümayəndələrinə də bərabər imkanların yaradıldığı vurğulanır: “Həmçinin onlar imza toplama imkanına sahibdirlər. Eyni zamanda hakim partiyanın öz xeyirlərinə inzibati resurslardan sui-istifadəsi müşahidə edilməyib”.

Nümayəndə heyətinin hesabatında QHT-lərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti fəallarının seçkiqabağı prosesdə iştirakına da toxunulub: “Böyük QHT-lər tərəfindən təşkil olunan dəyirmi masa iclaslarında, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin fəalları yekdilliklə AŞPA-nı bu seçkiləri müşahidə etməyə çağırıb”.

Hesabatda eyni zamanda dövlət tərəfindən mətbuat və söz azadlığına geniş yer verilməsi məsələsinə də yer verilib: “Dövlət tərəfindən maliyyələşən çap mediası, televiziya və radio məkanında pulsuz efir vaxtları təyin olunub. İştirakçılara söz və mətbuat azadlığı baxımdan geniş imkanlar yaradılıb”.

Yayılan hesabatda son olaraq bildirilib ki, AŞPA seçki prosesində, səsvermə zamanı və nəticələrin hesablanmasında Azərbaycan hakimiyyətinin şəffaflığı təmin edəcəyinə inanır.

Açar sözlər:

Oxunub: 932