3 şokolada görə şikayət düzgündürmü? - Qanun, yoxsa vicdan?


20:18     30 Aprel 2018 2018/04/market-ogurluq_1525091002.jpg

Ötən gün Bakıda mağazada şokolad oğurlayarkən tutulan 72 yaşlı kişi barədə xəbər vermişdik. Xətai rayonu Neapol küçəsində yerləşən "Səbət" marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək 1946-cı il təvəllüdlü Ağabala Göyüşovun 3 ədəd şokolad oğurladığını bildirmiş və 72 yaşlı kişini polisə təhvil vermişdi.

Bu məsələ ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb. Qanuni baxımdan vətəndaş inzibati xəta törətmiş olsa da, sosial şəbəkələrdə bir çox insan mağaza sahibini böyük tənqid atəşinə tutub. Onlar qocanın bu əməlinin cüzi bir ziyan olduğunu və çox güman ki, imkansızlıqdan etdiyini qeyd ediblər. Onlar bu cür kiçik hadisəyə görə yaşlı kişini polisə şikayət etməyin vicdansızlıq olduğunu bildirib.

Məsələ ilə bağlı Xətai rayon 35-ci polis bölməsiylə əlaqə saxladıq. Bölmədən həmin qocanın yaşlı olduğu üçün yaddaş zəifliyindən əziyyət çəkdiyi və buna görə də, şokaladı götürdükdən sonra kassaya pulu ödəməyi unutduğu bildirilib. Qeyd edək ki, A.Göyüşov qısa müddət ərzində evinə buraxılıb.



Hadisənin təfərrüatını öyrənmək üçün “Səbət” marketin rəhbərliyi ilə də əlaqə saxladıq. Baş ofisə dəfələrlə zəng etdikdən sonra cavab verən şəxs hadisə ilə bağlı məlumatı yalnız İctimaiyyətə Əlaqələr şöbəsinin rəhbəri Ramilə xanımdan ala biləcəyimizi dedi və başqa bir nömrə verdi. Həmin nömrəyə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Bir neçə saat sonra redaksiyamıza zəng gəldi və rəhbərliklə razılaşdırıldıqdan sonra açıqlama veriləcəyi bildirildi. Lakin günün sonuna doğru market rəhbərliyindən heç bir xəbər gəlmədiyindən əməkdaşımız özü zəng etdi. Aldığımız cavab isə bu oldu: "Rəhbərliklə danışdım. Bu məsələ ilə bağlı heç bir açıqlama verməyə lüzum görmədik".

Beləliklə, 72 yaşlı bir qocada yaddaş zəifliyi ola biləcəyini nəzərə almadan, onu 3 şokolad üstündə dərhal polisə şikayət edən market rəhbərliyi ən azından kiçik bir üzrxahlıq etməyə belə cəhd göstərmədi. Hər halda belə müəssisə rəhbərləri bir az da olsa vicdan kodekslərinə də əməl etsəydi, nə onları bu qədər qınayan olardı, nə də 3 şokolada görə cəmiyyətdə bu qədər mənfi imic yaratmazdılar.

Femida.az məsələnin hüquqi tərəflərini də araşdırdıb. Vəkil Elmar Süleymanovun saytımıza açıqlamasına görə, bu əməl inzibati xəta hesab edilir və 200 manatdan 250 manatadək miqdarda cərimə tətbiq edilir:

“İşin halları, dəymiş ziyanın cüzi olduğu və zərərin ödənilməsi nəzərə alınaraq qoca məsuliyyətdən azad oluna bilər. Lakin, nəzərə alın ki, son dəyişikliklərə görə, xırda talamaya, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

Belə hallarda polis təqsirkarı 3 saatdan artıq bölmədə saxlaya bilməz. Lakin əmələ görə həbs nəzərdə tutulduğu halda bu müddət 24 saatadək uzadıla bilər”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Səbət_market   #qoca   #hüquq   #qanun   #vəkil   polis   #Xətai   #oğurluq  

Oxunub: 4220


Oxşar xəbərlər