İnam Kərimov "ASAN Xidmət"dəki 3 kadrını yanına apardı


23:30     30 Aprel 2018 18_04_30_1525102587.jpg


Kənd təsərrüfatı naziri İnam Kərimov "ASAN Xidmət”in 3 əməkdaşını nazirlikdə vəzifəyə gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, İnam Kərimovun əmrilə İlhamə Qədimova nazirliyin Hüquq şöbəsinin müdiri təyin olunub. A.Hüseynovun sözlərinə görə, xanım əməkdaş buna qədər "ASAN Xidmət”də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

İlhamə Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və Cinayət hüququ üzrə doktor elmi dərəcəsi alıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2012-ci il 18 dekabrdan bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Digər əmrlə vəzifəyə gətirilən Aqil Quliyev 29 oktyabr 1982-ci il tarixində anadan olub.1989-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli orta məktəbdə təhsil alıb.

1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, 2003-2006-cı illərdə dövlət hüququ istiqaməti üzrə magistr təhsili alıb.

2005-2010-cu il illərdə Azərbaycan Respublikası Prokurorluq orqanlarında müstəntiq vəzifəsində işləyib.

2010-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquq məsləhətçisi vəzifəsində işləyib.

2012-ci ilin noyabr ayından etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsi Hüquqi aktların ekspertizası sektorunun müdiri və Daxili hüquqi tənzimləmə sektorunun müdiri-şöbə müdirinin müavini vəzifələrində çalışıb.

2014-cü ilin fevral ayından bugünədək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir. Evlidir, iki uşağı var.

İnam Kərimovun müvafiq əmri ilə Sarvan Elxan oğlu Cəfərov ASAN Xidmətdən ayrılaraq, nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb. 2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2012-ci ilin noyabr 1-dən bugünədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin köməkçisi vəzifəsində işləyib. Rus və ingilis dillərini bilir.

S.Cəfərov 2012-ci ildən indiyədək Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəcamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.

Femida.az

Açar sözlər: #İnam_Kərimov   #ASAN_Xidmət   #Kənd_Təsərrüfatı   #nazir   #iş   #vəzifə  

Oxunub: 3924