"Eldar Mahmudov məhkəməyə gətirilsin" - TƏLƏB


15:35     03 May 2018 eldar%20m.jpg

Bu gün Yasamal Rayon Məhkəməsində “MTN işi”ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayevin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı iddiası əsasında məhkəmə başlayıb.


Femida.az-ın xəbərinə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh Eldar Mahmudovun vəkili Cavid Rzazadə iştirak edib.

Zərərçəkmiş M. Mustafayev vəsatətlə çıxış edərək, E. Mahmudovun özünün məhkəməyə gəlməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Sonra M. Mustafayev cavabdeh qismində olan Maliyyə Nazirliyinin Nəsimi rayonu ərazisində yerləşdiyini əsas gətirərək işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini istəyib.

Onun vəsatəti təmin edilib və iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə qərar verilib.

Qeyd edək ki, "MTN işi"ndə zərərçəkmiş qismində tanınan Mətləb Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu məhkəməyə verib.

Yasamal Rayon Məhkəməsində iddia qaldıran M.Mustafayev sabiq nazirin sifarişi ilə şərlənərək həbs edildiyini yazıb və E.Mahmudovun ona 100 min manatdan çox pul təzminatı ödəməsini tələb edir. M. Mustafayev bu pulun Maliyyə Nazirliyindən tutulmasını, nazirliyin isə pulu Eldar Mahmudovdan almasını istəyir.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində, 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib.

O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İttihama görə, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hakim   #Vəsatət   #Tələb   #MTN  

Oxunub: 1477