Rəqsanənin qızı, yoxsa uşaq evi direktoru olmaq...


16:41     03 May 2018 2018/04/nermine_dadasova_1524292804.jpg



Sosial mediada “Körpələr evindən ərzaqlar belə daşınır” başlıqlı xəbər gördüm. Tüklərim ürpəndi. Neçə gündür, “Salam, dar ağacı” əhval-ruhiyyəsində olduğum üçün xəbəri açıb oxumadım. Qorxdum, qorxdum ki, bu bardağı daşdıran sonuncu damcı olar.

Bu gün baxdım ki, bu mövzu ətrafında söz-söhbətlər səngimək bilmir üstəlik müğənni Rəqsanə İsmayılovanın qızının da adı hallanmaqdadır. Əsəblərimi marağıma qurban etdim yenə, açdım baxdım xəbərlərə. Deməli, Rəqsanə xanımın qızı Aysun İnstagram səhifəsində 1 saylı körpələr evinin qarşısında dayanmış bahalı maşına yığılan yeşik-yeşik ərzaq, uşaq bezlərinin necə oğurlanmasının videosunu paylaşıb və aidiyyatı qurumlardan bu işə aydınlıq gətirməsini rica edib. Açığını deyim ki, heç vaxt şəxsinə marağım olmayan, nə iş ilə məşğul olduğunu belə bilmədiyim Aysunun cəsarətindən məmnun qaldım. İctimai bir şəxsin- fərqi yoxdur, müğənni, meyxanaçı, həkim, jurnalist vicdan hissini itirməmiş olan istənilən vətəndaşın belə iyrənc hadisələr qarşısında susmamasının, sona qədər dediklərinin və iddia etdiklərinin arxasında durmasının çox müsbət hal olduğunu düşünürəm.

Uşaq evində böyüməyin necə bir hiss olduğunu bilmirəm. Mən valideynlərimin ərköyün qızı kimi böyümüşəm, yaşımın iyirmi altısında hələ də, anam çörəyimi balaca tikələrə bölüb boşqabımın kənarına düzür, atam barmaqlarının ucu ilə bardağıma toxunub çayımın isti olub-olmamasını yoxlayır. Bunca doğmalığın, qayğının arasından çıxmış biri, o hərarəti, o qucağı, dayağı bilməyən, tanımayan qismətsizləri hiss edə, anlaya bilməz deyə düşünürsən bəlkə də. Mən həssas adamam, dost... Mən onların ağrılarından ölə biləcək qədər həssas adamam... Bilirəm, sən də beləsən. Ancaq nə etmək olar, həyatda həmişə bütün daşlar öz yerini tutmur. Onca ağrının, kimsəsizin bir araya toplandığı məkana rəhbərlik edən, o qədər məsuma ana olmaq kimi möhtəşəm bir şansı yaxalamışkən, nəfsinin, vicdansızlığının qulu olmağı seçənlər də var yaşadığımız damın altında, bizimlə eyni oksigeni bölüşürlər, nə yazıq.

Balaca, məsum, kimsəsiz bir körpənin boğazından kəsmək, əynindən kəsmək, təbəssümündən kəsmək... nə qədər amansız bir seçimdir. Bir də, ayıbına kor olmaqdansa, özünü müdafiəyə qalxması, cürbəcür bəhanələr uydurması, özünə haqq qazandırması –bu isə lap dəhşətdir! Mən o qadının- körpələr evinin rəhbərinin – anasının yerində olmağı bütün uşaqlığım boyu arzulamışam. İlahi, dünyada ana olmaqdan gözəl, ətrafda qaçışan, gülüşən, yıxıla-dura böyüyən fidanlarla bərabər gün keçirməkdən gözəl nə ola bilər? Belə bir şansı yaxalamış adamın ruhu necə bu qədər kasad ola, nəfsi bu qədər iti ola bilər, anlamıram.

Bu gün başqa bir dəhşətdən dolayı da burxuldu mənim bu məyus ürəyim. Balacaca bir körpəni, birinci sinif şagirdini müəlliməsi üz-gözü qaralana qədər vurub. Əlifbanı indi-indi öyrənən, bir ilə biri yenicə toplayan məsumun döyülmə səbəbi bilirsənmi nədir, oxucu dost? Partasına dağıtdığı qələm mürəkkəbi... Nolar, etməyin belə. Balalarımızı əşyalara görə incitməyin. Cəhənnəm olsun mürəkkəb dağılmış taxta-tuxtalar, yazılmış divarlar, sınmış şüşələr. Axı o balacanın elə məyus baxan gözləri dünyadakı hər şeydən daha dəyərlidir...

Nərmin Dadaşova

Femida.az

Açar sözlər: #Köşə   #Nərmin-Dadaşova  

Oxunub: 2965