Hökumət gəncləşir – Hansı islahatları gözləyək?

Hökumət gəncləşir – Hansı islahatları gözləyək?

15:24     03 May 2018 2018/05/yeniler_2_1525346482.jpg


Nazirlər Kabinetini formalaşmasında dəyişiklik, gənc kadrların irəli çəkilməsi gündəm mövzusuna çevrilib.

Dəyişiklik aparılan qurumların içində ölkə iqtisadiyyatının əsasını formalaşdıran orqanlar (Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi) da var idi, Azərbaycanın xaricdə və xaricilər arasındakı imicini formalaşdıranlar da (Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi).

Nazirlər Kabinetində eyni anda bu qədər gəncin birdən təyin olunması hökumət tarixində bir ilk idi. Sözsüz ki, bu dəyişikliklər əbəs yerə deyildi və sözügedən qurumlardakı boşluqlar nəzərə alındı. Cəmiyyətin gənclərə inamı böyükdür və bu qurumlarda böyük yenilik və inkişaf gözlənilir. Gəncləşdirmə siyasəti Azərbaycanın gələcək iqtisadi durumuna necə təsir edəcək?

Femida.az məsələni dəyişikliyi həm hüquqi, həm iqtisadi müstəvidə dəyərləndirdib.

Vəkil Ruslan Vəliyevin açıqlamasına görə, bu qurumlarda müəyyən boşluqlar olmuşdu deyə dəyişikliklər aparıldı:

“Boşluqlar olduğunu bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də yeni nazirlərin və sədrlərin təqdimatı zamanı qeyd etmişdi. Fəaliyyət növündən asılı olmayaraq, hər bir qurumda hüquqi normalar qorunmalıdır. Yeni təyinatların gəldiyi yerə baxsaq, görərik ki, onlar korrupsiyadan uzaq, şəffaf çalışan qurumların təmsilçiləri olublar. Bunlar onu göstərir ki, prezident dövlət qurumlarında şəffaflığın təmin olunması yönündə addımlar atır. Yeni kadrlar da bu sahədə özünü müsbət tərəfdən göstərən şəxslərdir. Mən də bir vəkil olaraq inanıram ki, bu şəxslər prezidentin dövlət orqanlarının qarşısına qoyduqları vəzifələri qanunauyğun şəkildə layiqincə yerinə yetirəcək”.



Ruslan Vəliyev Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsinin işini xüsusilə vurğulayıb:

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn əcnəbilərlə məşğul olur, Diasporla İş üzrə Dövlət Komitəsi isə xaricdə yaşayan azərbaycanlılarla bağlı fəaliyyət göstərir. Lakin hər ikisinin işi prinsipcə yaxındır. Xaric və Azərbaycan arasında əlaqələrə birbaşa təsir edirlər.
Miqrasiya Xidməti Azərbaycanı əcnəbilərlə tanıtdıran birinci qurumdur. Çünki Azərbaycana gələn xaricilər ilk növbədə bu quruma müraciət edirlər. Bu da öz növbəsində əcnəbilərdə Azərbaycan haqqında ilk təəssüratın yaranaması deməkdir. Lakin indiyə qədərki dövrdə bu qurumda müəyyən boşluqlar olmuşdu. Cənab Ramiz Mehdiyev də yeni xidmət rəisini təqdim edərkən, bu fikirləri səsləndirmişdi. Bildiyimə görə, bu günədək Diasporla İş üzrə Dövlət Komitəsinin də xaricdəki fəaliyyəti qənaətbəxş deyildi”.

İqtisadçi Vüqar Bayramov isə Femida.az-a açıqlamasında bildirib ki, gənclərin yeni hökumətdə təmsil olunması təqdirəlayiqdir:

“Xüsusən də parlamentdən olan şəxslərin hökumətə cəlb edilməsi yeni kabineti əvvəlkilərdən fərqləndirən əsas cəhətlərdəndir. Nəzərə alsaq ki, Azərbaycan üçün vacib olan sahələrdə - kənd təsərrüfatı, gömrük, miqrasiya, ekologiya, diaspor, turizm kimi sahələrdə dəyişiklik edildi, gələcəkdə bu sahələrdə böyük yeniliklər və təkmilləşmə görəcəyimz şübhəsizdir. Məsələn, Kənd Təsərrüfatı Naziri vəzifəsinə ASAN Xidmətə uzun müddət rəhbərlik edən şəxsin təyinatı çox müsbət haldır. İnam Kərimov innovativ və şəffaflığı dəstəkləyən şəxs kimi tanınır. Bu da aqrar sahədə innovativ imkanların açılmasına imkan verəcək. Məhz aqrar sektorda məhsuldarlığı artırmaq məqsədi ilə şəffaflıq güclənəcək.

Konkret olaraq sektorlara yanaşmadan ümumilikdə gəncləşdirməni qiymətləndirsək, struktur islahatlarının aparılması prosesi davam etməlidir. Buna görə yeni hökumət yeni iqtisadi modelin tələblərinin yerinə yetirilməsi baxımından vacib idi. Düşünürəm ki, gələcəkdə də kadr islahatlarının davam etməsi məqsədəuyğun olardı. Gəncləşdirmə daha çevik, daha şəffaf iqtisadiyyatın qurulmasına zəmin yaradacaq”.



V.Bayramov yeni iqtisadi sahədə artıq innovasiyanın təcrübəni üstələdiyini bildirib:

“İqtisadiyyat elə sahədir ki, həm yeni kadra ehtiyac var, həm təcrübəyə. Amma indi Azərbaycan resurs iqtisadiyyatından innovativ iqtisadiyyata keçidi hədəfləyir. Odur ki, innovativ və gənc kadrlar daha önəmlidir. Düzdür, təcrübə də vacibdir. Lakin uzun müddət hökumətdə işləmək heç də o anlama gəlmir ki, onun innovativ təcrübəsi gənc kadrın təcrübəsindən daha çoxdur. Bu baxımdan daha müasir idarəetməni tətbiq edə bilən gənclərin hökumətə təyinatı daha vacib idi”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #siyasət   #nazirlər_kabineti   #hökumət   #Vüqar_Bayramov   #Ruslan_Vəliyev   #vəkil   #qanun   #hüquq   #dövlət   #iqtisadiyyat   #islahat  

Oxunub: 2868