Yaşlı qadını zorlayıb öldürdü - 20 il həbs cəzası aldı


15:10     05 May 2018 oglan-zorlama.jpg

Şirvan Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakini Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, ötən il iyunun 10-da Füzuli rayonunun Babı kəndində yaşayan Lyuba Babayevanın (1939-cu il təv.) baş nahiyəsində xəsarətləri olan meyiti evində tapılıb.

Rayon prokurorluğunda fakta görə ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İki gündən sonra DİN Baş Cinayət Axtarışı İdarəsi, Füzuli RPŞ və rayon prokurorluğu əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yaqub Abbasov yaşadığı Sumqayıt şəhərində tutulub.

Məlum olub ki, Abbasov iyunun əvvəlində əmisinin Babı kəndindəki evinə qonaq gəlib. Kənddə olduğu müddətdə o, yerli sakinlərdən təsadüfən öyrənib ki, Babayeva tənha qadındır. Buna görə onu öldürüb, evini qarət etmək qərarına gəlib.

İyunun 9-da o qadının yaşadığı evə qanunsuz daxil olub, köməksiz vəziyyətindən istifadə edərək, onu zorlayıb və sonra baş nahiyəsinə küt alətlə zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib.

Yaqub Abbasov CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmək məqsədilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 149.2.4 (zorlama, xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (zorlama, təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.2.3 (soyğunçuluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Abbasov 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

Açar sözlər: #Cinayət   #Zorlama   #İntim   #Həbs   #Məhkəmə#Hakim   #Azərbaycan  

Oxunub: 6145