Hüquq məsləhətxanalarının fəaliyyəti qanunidirmi? - Kimlər işləyə bilər?


17:44     10 May 2018 2018/05/hüquq-məsləhətxanasi-768x1024_1525944743.jpg


“Hüquq məsləhətxanası”… Bu başlıqda olan ofislərə adətən məhkəmə binalarını yaxınlığında rast gəlmək olur. Belə ofislərdə insanlara hüquqi məsləhətlər vermək üçün ən azından hüquq təhsilinin olması vacibdir. Lakin belə məsləhətxanalarda çalışanların heç də hamısı hüquqşünas və ya vəkil deyil. Odur ki, vətəndaşlar bu cür savadsız şəxslər tərəfindən aldadılır, keyfiyyətli hüquqi yardımdan məhrum olur. Bununla eblə həmin şəxslərə qarşı heç bir qabaqlayıcı tədbirlər görülmür.

Bu cür fəaliyyətin nə dərəcədə qanuni olduğunu öyrənmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyevlə əlaqə saxladıq. Müsahibimiz bildirdi ki, keyfiyyətli hüquqi yardım yalnız vəkillər tərəfindən həyata keçirilir:

“Bu həm Vəkillik haqqında Qanunda, həm də Vəkillər Kollegiyasını Rəyasət heyətinin qəbul etdityi daxili sənədlərlə müəyyən olunur. Vəkillər 2 formada fəaliyyət göstərə bilər:

- Hüquq məsləhətxanalarının tərkibində. Son dəyişikliyə görə, bu məsləhətxanalar artıq Vəkil Büroları adlandırılır.
- Yaxud vəkil heç bir büroya daxil olmadan fərdi şəkildə fəaliyyət göstərə bilər.


Təbii ki, hər bir məsləhətxanada, vəkil bürosunda müəyyən texniki işçilər olur. Bu şəxslər qeyri-hüquqşünaslar da ola bilər. Onlar vəkilə sadəcə texniki işlərdə, sənədlərin yığılması, mətnin çapı, surətinin çıxarılması və s. zamanı yardım edirlər. Amma qeyri-hüquqşünas olan şəxsin vətəndaşlara hüquqi yardım göstərməsi birbaşa qadağandır. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edən şəxslər məsuliyyətə cəlb olunur. Buna görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərinizə çatdırım ki, artıq “vəkil, “vəkil bürosu”, “Vəkillər Kollegiyası“, “vəkil qurumu” və s. kimi adlar Müəllif Hüquqları tərəfindən Vəkillər Kollegiyasının adına rəsmiləşdirilib. Vəkil olmayan şəxslərin bu adlardan istifadəsi müəllif hüquqlarının pozulması sayılır”.



R.Vəliyev bildirib ki, vətəndaşlar hüquqi yardım üçün vəkil bürosuna müraciət edərkən, ilk növbədə həmin şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmadığını yoxlamalıdır:

“Bildiyiniz kimi Vəkillər Kollegiyasına üzv olan vəkillərə xüsusi vəsiqə verilir və artıq yanvar ayından bəri Kollegiyanın üzvü olmayanlar məhkəmələrə çıxa bilmirlər. Eyni zamanda Vəkillər Kollegiyasının saytına (barassociation.az) daxil olaraq, kollegiyaya üzv olan vəkillərin siyahısı, iş stajı ilə tanış olmaq olar. Vətəndaş hüquqi yardım alacağı vəkilin adını buradan tapıb sonra müraciət etməlidir. Yaxud həmin şəxsdən Vəkillər Kollegiyasının üzvlüyünü təsdiq edən vəsiqəni tələb etməlidir. Vətəndaş müraciət edərkən, bunu yoxlamazsa, yalançı vəkillər ona keyfiyyətsiz hüquqi yardım göstərə bilər. Amma Kollegiya üzvü olan vəkilin günahı ucbatından vətəndaşa hər hansı zərər dəyərsə, Kollegiya həmin ziyanı qarşılayır.

Belə şəxsləri Vəkillər Kollegiyasının İntizam Komissiyası müəyyənləşdirib cərimələyə bilər. Kollegiyaya bu cür hallarla bağlı müraciət daxil olarsa, İntizam Komissiyası bunu araşdırmağa başlayır. Şikayət əsaslı olarsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunur. Xətanın dərəcəsindən asılı olaraq, cəza və ya cərimələr tətbiq olunur”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #hüquqşünas   #qanun   #məcəllə   #büro   #Vəkillər_Kollegiyası   #femida   #hüquq_məsləhətxanası  

Oxunub: 8897