“Bayrağımız müstəqilliyimizin rəmzidir” - Fuad Ələsgərov


16:45     11 May 2018 fuad%20aleskerov%20azvision%20pl.jpg


"Müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il 9 noyabr tarixində təsdiq edilib. Təəssüflər olsun ki, bu bayraq yalnız 23 ay Xalq Cümhuriyyətinin üzərində dalğalana bildi".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Sevdiyim” adlı layihənin təqdimat mərasimində deyib.

Prezidentin köməkçisi bildirib ki, Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı müstəqillik bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb:

"1990-cı il noyabrın 17-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və Muxtar Respublikanın Ali Məclisində ucaldıldı. Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlayıb. Ümummilli Lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir".

F.Ələsgərov qeyd edib ki, üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ də Azərbaycanın Ali Soveti qarşısında məhz Ümummilli Liderimiz tərəfindən qaldırılıb:

"Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sərəncamda qeyd edildiyi kimi Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".

Prezidentin köməkçisi, həmçinin qeyd edib: “Artıq 28 ildir ki, üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli Liderimizin dəfələrlə dediyi kimi Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir”.

Femida.az

Açar sözlər: #Fuad-Ələsgərov   #Prezident   #Cümhuriyyət  

Oxunub: 2238