Administrasiyanın yeni şöbə müdirləri kimlərdir? - DOSYE


14:51     12 May 2018 2018/05/farah_aliyeva_110518_1526108201.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasına iki yeni şöbə müdiri təyin edilib.


Fərəh Əliyeva PA-nın humanitar siyasət məsələləri şöbəsinin müdiri, Rövşən Nəcəf isə innovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Femida.az-ın məlumatına görə, Fərəh Şirməmməd qızı Əliyeva 1961-ci il 7 sentyabr tarixində Bakı şəhərində anadan olub. O, Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) fərqlənmə diplomu ilə (1984) bitirib.

F.Əliyeva 1984-cü ildən Bakı Musiqi Akademiyasında “Musiqi tarixi” kafedrasında çalışmış, sənətşünaslıq namizədi (1994), sənətşünaslıq doktoru (2008) elmi dərəcələrinə, 2005-ci ildən isə professor elmi adına layiq görülüb. O, 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.

Fərəh Əliyeva Ü.Hacıbəylinin 110 illiyinə həsr olunmuş musiqişünasların 1 Respublika müsabiqəsinin laureatıdır (1 mükafat, 1994), 2003-cü ildə isə “Humay” milli mükafatı ilə təltif olunub. O, 2006-2014-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində əvvəlcə “Musiqi sektoru”nun müdiri olub, daha sonra “İncəsənət” şöbəsinə rəhbərlik edib.

Fərəh Əliyeva Azərbaycan musiqi tarıxınə dair 3 monoqrafiya - “Azərbaycan musiqisində üslub axtarışları” (1994), “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007), “Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010) monoqrafiyalarının, “Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” 3 cildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalələrin müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan görkəmli musiqişünas alim, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olub.

Fərəh Əliyeva yeni təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub.

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Çingiz oğlu Nəcəf 1982-ci il Salyan rayonunda anadan olub. O, bu təyinatadək Azərbaycan İnvestisiya Şirkətinin İcraçı Direktoru vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər: #Vəzifə   #Administrasiya  

Oxunub: 5667