Ev almaq istəyənlər necə aldadılır? - Elan saytında mənzil fırıldağı


16:18     12 May 2018 2018/05/emlak_1526113140.png


Ev alqı-satqısı ilə bağlı elan saytlarında yeni fırıldaqçı peyda olub. Bununla bağlı redaksiyamıza vətəndaş Röyal Nağıyev müraciət edib. O, bildirib ki, fırıldaqçı şəxs Ömərov Qayvalı özünə aid olmayan ev şəkillərini dəyərindən çox aşağı qiymətə saytda yerləşdirir və bu yolla tez bir zamanda müştəri tapır.

Müştəri elana baxır və dəyərindən qat-qat aşağı satılan ev almaq fürsətini qaçırmaq istəmir. Lakin ilk şübhə elə müştəriyə zəng etmək istəyərkən yaranır. Belə ki, elanda yerləşdirilmiş nömrəyə zəng zamanı aydın olur ki, nömrə təyin olunmayıb. Müştəri buna səthi yanaşır və elan mətninin içində yerləşdirilən “whatsapp” nömrəsinə mesaj yazır. Maraqlıdır ki, bu nömrə Rusiya mobil operatouna məxsus nömrə olur. Fırıldaqçı hazırda Ukraynada olduğunu, 10 gün sonra Bakıya gələcəyini deyir:

“Evi başqa bir nəfər də almaq istəyir, amma sən ciddi almaq istəyirsənsə, indi beh göndər, evi sənin üçün saxlayım”. Beləcə vətəndaş bu cür “düşmə” evi əldən çıxarmamaq üçün tez banka gedib qarşı tərəfə 1000 manat beh göndərir. Qısa müddət sonra yazılan nömrəyə nə zəng çatır, nə mesaj.

Göründüyü kimi fırıldaqçı əməlinin inandırıcı olması üçün yetərincə plan qurub. O “whatsapp”da Rusiya nömrəsi ilə qeydiyyatdan keçib. Halbuki, istənilən xarici ölkə nömrəsi ilə qeydiyyatdan keçib Azərbaycanda “whatsapp” işlətmək olar. Beləcə fırıldaqçı hüquq mühafizə orqanlarının onu nömrə vasitəsilə tapmasının qarşısını ala bilir. Çünki Azərbaycan daxilində yalnız Azərbaycan mobil operatorlarından alınmış nömrələrin kimin adına qeydiyyatda olduğunu müəyyənləşdirmək olur.



Elanın yalançı olduğunu göstərən ikinci məsələ isə, pul göndərilməsi zamanı üzə çıxır. Fırıldaqçı xarici pasportunun şəklini çəkib göndərir və deyir:

“Hazırda anbardayam, şəkil bir qədər qaranlıq düşüb. Sən pulu göndər, sonra pasportun şəklini sil”. Diqqətlə baxsaq görərik ki, bu “qaranlıq” bəhanəsi pasportdakı rəqəmlərin üzərində aparılmış “fotoşop” işlərini ört-basdır etmək üçündür. Vətəndaşları aldatmaq azmış ki, fırıldaqçı dövlət sənədini saxtalaşdırmaqdan belə çəkinmir.




Məsələ ilə bağlı R.Nağıyev hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirib:

“Yaxşı ki, son anda pasportun üzərindəki şübhələr məni dayandırdı və pulu göndərmədim. Bəlkə də bu yolla o bir çox insanı aldadıb. Çünki Bakı şəhərində əla təmirli, 4 otaqlı evin əşyaları ilə birlikdə 66 min manata satılması reallığa uyğun deyil”.


Fırıldaqçının "whatsapp" profilindəki fotosu

Femida.az məsələ ilə ilə bağlı DİN-ə sorğu ünvanlayıb. Məsələni diqqətdə saxlayacağıq.

Hər zaman vətəndaşların hüquqi maarifləndirməsini həyata keçirən Femida.az saytı bu cür fırıldaqçılara aldanmamağınızı, analoji məsələr zamanı ödəniş etməzdən öncə hüquqşünasla məsləhətləşməyinizi tövsiyə edir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ev   #mənzil   #fırıldaq   #elan   #Ukrayna   #Rusiya   #Azərbaycan  

Oxunub: 7304