Məhkumların qaçmasına görə tutulan rəis və müavinləri ilə bağlı qərar verildi
18:14 12 May 2018
Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətinin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Femida.az-ın Report-a istinadən xəbərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Qərara əsasən, həmin şəxslərin həbs müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan başqa, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Mühafizə altından qaçan Ə.Ağami həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Femida.az
Oxunub: 1479
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib