Bu şəxsləri işdən çıxarmaq olmaz - QANUN


17:40     14 May 2018 2018/05/qovulma_1526290637.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfəki mövzumuzda işdə kütləvi ixtisarlarla bağlıdır. Adətən, ixtisarlar zamanı hansı işçilərin işdən çıxarılacağına müdiriyyət qərar verir. Nəzərə almaq lazımdır ki, rəhbərlik seçim edərkən, Əmək Məcəlləsinə uyğun davranmalı, işdə qalma üstünlüyü olan şəxsləri qanunun tələblərinə əsasən, müəyyən etməlidir.

Əmək Məcəlləsinin 78—ci maddəsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini isə işəgötürən müəyyən edir.

İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadına (ərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
- xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.



Bundan başqa qanunvericilikdə müəyyən müddəalar var ki, həmin müddəaların tələbinə əsasən, müəyyən işçilər işdən çıxarıla bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Öz razılığı olmadan işəgötürən aşağıdakı şəxsləri işdən çıxara bilməz:

- hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
- əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
- öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
- şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilərin;
- həmkarlar ittifaqları təşkilatı və ya hər hansı siyasi partiyanın üzvü olan işçilərin;
- məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Qeyd edək ki, qeyd olunan hallar, müddətli əmək müqaviləsi ilə çalışan işçilərə şamil edilmir. İşçinin müqavilə müddəti bitirsə və yenisi imzalanmırsa, avtomatik olaraq, o işdən xaric oluna bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #məcəllə   #femida   #əmək   #iş   #ixtisar  

Oxunub: 20291