Nabran çimərliklərində dəniz suyunun tərkibi yoxlanılır


19:21     15 May 2018 2018/05/5afac2778713d_15263828021704645717_1000x669_1526383443.jpg

Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib.


Nabran istirahət zonasında çimərlik mövsümünün başlanması ilə əlaqədar son hazırlıq işləri görülür. İstirahət mərkəzlərinin sahibləri obyektlərində şəraitin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün çalışdığı bir vaxtda, əlaqədar qurumlar da dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir.

Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən su nümunələri götürülən çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır.

Mərkəzin həkimi Balasultan Məcidov bildirib ki, aprel ayından başlayaraq yoxlamalar artıq 3 dəfə aparılıb. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.

Xaçmaz Taun Əleyhinə Şöbənin həkim-mikrobioloqu Vaqif Bəybalayevin sözlərinə görə, laboratoriyada aparılan müayinələr zamanı suyun bakterioloji tərkibi öyrənilir. Bu vaxta qədər aparılan müayinələr zamanı dəniz suyundan götürülən nümunələrdə insan orqanizminə mənfi təsir edəcək səviyyədə bağırsaq çöplərinə rast gəlinməyib. Bu da turistlərə çimərliklərdə təhlükəsiz şəraitdə istirahət etməyə imkan verir. (AZƏRTAC)

Femida.az

Açar sözlər: #Nabran   #çimərlik   #Xaçmaz   #Gigiyena  

Oxunub: 1204