Həyətində çətənə kolları, evindən isə narkotik tapıldı


15:13     17 May 2018 narkotik6.jpg

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Həsənabad qəsəbəsinin sakini Tərlan Həsənov saxlanılıb.

Rayon Mühafizə Bölməsinin əməkdaşları ilə birgə ona məxsus həyətyanı sahəyə baxış keçirilmiş, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 540 ədəd çətənə kolu aşkar edilib. Əməliyyatın davamı olaraq T.Həsənovun yaşadığı evdən çəkisi 51 qram olan narkotik tərkibli bitki toxumları və 27 ədəd qurudulmuş qoza aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Narkotik   #Həbs   #Tiryək   #Çətənə  

Oxunub: 1377