Zərərçəkmiş şəxsin şikayəti təmin edilmədi - MTN işi

Zərərçəkmiş şəxsin şikayəti təmin edilmədi - "MTN işi"


15:20     17 May 2018 apelyasiyamehkemesi.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə qərar elan edilib.

Qərara əsasən, şikayətlər təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Hökmdən apellyasiya şikayəti verən təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bahəddin Sultanov və Təvəkkül Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham ediliblər.

İttihama görə, hər iki təqsirləndirilən şəxs torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pulunu alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

Onlar barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Bahəddin Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işləyib.

Qeyd edək ki, Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Femida.az

Açar sözlər: Apellyasiya   #Məhkəmə   #MTN  

Oxunub: 709