Aqrar sahədə rüsumlar artırıldı


16:49     18 May 2018 manattt.jpg

Ölkədə baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar müəyyənləşib.

Femida.az xəbər verir ki, bununla bağlı parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyən edilir.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ət, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulmalıdır. Bu cür nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən - 5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Bir sıra hallara görə isə rüsumlar artırılıb. Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat) rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün (bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.

Dəyişiklik layihəsi Milli Məclisin (MM) plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər: #aqrar   #baytarlıq   #rüsum   #kənd_təsərrüfatı   #milli_məclis#  

Oxunub: 649