Bakıda ən çox turist toplayan muzey hanısıdır? - STATİSTİKA


21:35     18 May 2018 18_05_18_1526650715.jpg


Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bütün muzeylərdə "açıq qapı" elan olunur.

Dünyada ilk muzey hələ eramızdan əvvəl Qədim Misirdə yaradılmışdı. Azərbaycanda isə muzey işinin tarixi XX əsrin əvvəllərinə aiddir. Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərib.

İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başlayıb.

Bu gün paytaxt Bakıda 37 muzey fəaliyyət göstərir. Onlardan ən böyük 3 muzey, Azərbaycan Tarix Muzeyi, Qobustan dövlət tarixi-bədii qoruğu və Azərbaycan Milli İncəsənət Muzeyidir. Beynəlxalq Muzeylər günü ilə əlaqədar adıçəkilən muzeylərlə əlaqə saxladıq və ziyarətçilərin muzeylərə nə dərəcədə maraq göstərdiklərini öyrəndik.


Qobustan dövlət tarixi-bədii qoruğu

Məlum oldu ki, Qobustan dövlət tarixi-bədii qoruğu il ərzində ən çox insanın getdiyi mədəni abidədir. Belə ki, 2017-ci ildə bu qoruğa 80 mindən çox insan baş çəkib. Onlardan 40 minə yaxını əcnəbilərdir. 2018-ci iln aprelində isə qoruqda 11500-dən çox ziyarətçi olub. Bunların da 5 minə yaxını xaricdən gələn turistlər olub.


Milli İncəsənət Muzeyi

Milli İncəsənət Muzeyinə isə ötən il 50 min ziyarətçi gəlib. 50 min ziyarətçinin təxminən 17 mini xarici ölkə vətəndaşlarıdır. Bu ilin təkcə aprel ayı ərzində 5 min nəfər muzeydəki eksponatlarla tanış olub.


Tarix Muzeyi

Azərbaycan Tarix Muzeyinə gəlincə, 2017-ci ildə ziyarətçi sayı 20 min olub. Gələnlərin əksəriyyəti əcnəbilər, tələbələr və məktəblilər olub. “Açıq Qapı” günündə muzeyi 3300 nəfər ziyarət edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #muzey   #Bakı   #Tarix   #İncəsənət   #Mədəniyyət   #Qobustan   #Qoruq  

Oxunub: 2669