Pambıq əkinlərində yeni zərərverici aşkarlanıb
01:24 19 May 2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkarlanıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Femida.az-a verilən məlumata görə, pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin - sarımtıl birəcik (Aphthona lutescens Gyll.) böcəyi olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqdakı pambıq tarlalarına keçib və cücərtiləri zədələməyə başlayıb.
Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayır. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanır. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib, sürətlə qidalanır. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv olur, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.
İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarını tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayır. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedir.
Birəciklərin kütləvi çoxalmalarının qarşısını almaq üçün bütün vegetasiya ərzində onların sığınacağı və qida mənbəyi olan alaq otları məhv edilməlidir. Pambıq bitkisinin sürətlə böyüməsinə və inkişafına şərait yaradan aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Həmçinin sahələrdə erkən və dərin dondurma şumu aparılmalıdır.
Vegetasiyanın başlanğıcında pambıq cücərtiləri acetamiprid, karbosulfan, indoxacarb və s. tərkibli insektisidlərin biri ilə dərmanlanmalıdır. Birəcik əleyhinə asetamiprid tərkibli “Mosetam” (0,2 kq/ha), “Aseti Super 20% WP” (0,2 kq/ha), “Paskal SP” (0,2 kq/ha), eləcə də karbosulfan tərkibli “Garant 28% EK” (1,5 lt/ha) insektisidləri çox səmərəlidir. Qeyd etmək lazımdır ki, bu preparatlar pambıq bitkisinin mənənə, trips, hörümçək gənəciyi və pambıq sovkası kimi təhlükəli zərərvericilərinin miqdarca tənzimlənməsində də təsirli mühafizə vasitələridir.
Femida.az
Oxunub: 1786
Oxşar xəbərlər
- Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb
- Ağdamın keçmiş təmas xəttinin yanındakı kəndlərdə pambıq yığımı başlayıb
- Prokurorluq pambıq zavodunun vurulması ilə bağlı məlumat yaydı
- Pambıq sahəsində top mərmisi tapılıb (FOTO)
- Azərbaycanın pambıq lifi və ipliyinin ixracı artıb
- İlham Əliyev: “Pambıq yığımında rekord göstəriciyə nail olmuşuq”
- Bu il Azərbaycanda pambıq yığımında rekord vurulacaq
- Azərbaycanda bu il 183 min tondan artıq pambıq təhvil verilib
- Ölkədə yığılan pambığın miqdarı 130 min tonu keçdi
- Sabirabadda pambıq tayası yanıb