Hadisənin intihar, yoxsa qətl olduğu necə müəyyənləşir? - VİDEO


19:55     19 May 2018 18_05_19_1526728041.jpg


Ballistik və trasoloji ekspertiza... Bu termin kriminalistika ilə maraqlananlara çox tanışdır. Bu sahənin ekspertlərinin işi həm ağır, həm də maraqlıdır...

Ballistik ekspertiza zamanı odlu silahların, onların komplekt hissələrinin, giliz, mərmi, atəşsiz silahların, yəni qaz və pnevmatik silahlarının izlərinin tədqiqatı aparılır. Ballistik və trasoloji ekspertiza şöbəsinin rəisi Nail Abbasov deyir ki, hadisə yerindən götürülən gilizlər, güllələr və digər atəş izləri Məhkəmə Ekspertizası Mərkəzinin ballistik və trasoloji ekspertizalar şöbəsinə təqdim olunur: "Eyniləşdirici ekspertiza dedikdə, odlu silahdan istifadə olunmuş mərmilərin və gilizlərin üzərində qalan izlərin eyniləşdirilməsi nəzərdə tutulur. Burada hər bir silah individual xarakterə malik olduğuna görə onun hissə və mexanizmlərindən qalan izləri müqayisə etməklə həmin güllə və gilizlərin odlu silahda istifadə olunub-olunmamasını müəyyən etmək mümkündür”.

Tədqiqat LEİCA firmasının müqayisəli kriminalistik mikroskopları vasitəsilə həyata keçirilir. Həmçinin avadanlıqdan istifadə prosesində keyfiyyətli görüntünün əldə edilməsi və ölçmələrin yüksək səviyyədə aparılması üçün xüsusi proqram təminatından istifadə olunur.

Amerika istehsalı olan "TriggerScan" ölçmə cihazı vasitəsilə silahın tətiyinə nə qədər qüvvə tətbiq edərək silahın sazlığını və ondan atəşin açılması halının mümkünlüyü yoxlamaq mümkündür.

Ənənəvi kriminalistik ekspertiza növlərindən biri də trasologiyadır. Trasoloji tədqiqatlar aparılarkən predmetlər üzərində izlər və iz yaradan obyektlərin xüsusiyyətləri araşdırılır. Bu zaman hadisə yerindən götürülmüş maddi sübutlar üzərində kəsici-deşici alətlərin izlərinin, düyün və ilgəklərin, qan izlərinin tədqiqatı aparılır: “Trasologiyada maraq kəsb edən izlərdən biri də qan izlərinin tədqiqatıdır. Burada qanın bioloji tərkibinin tədqiqatı deyil, hadisə zamanı müşahidə olunan qan izlərinin yaranma mexanizminin tədqiqatından söhbət gedir. Əşya və obyekt üzərinə qan hopub, yoxsa düşüb. Sıçramadırmı, hopmadırmı, ya damcılamadırmı? Yəni bu məsələlər hadisənin baş vermə, yaxud hadisədən sonra baş verən hərəkətlərin mexanizmini açmağa kömək edə bilər. Misal üçün, əgər qətl hadisəsi törədilibsə, sonradan qətlə yetirilən şəxsin yeri iz azdırmaq üçün dəyişdirilibsə, digər bir otağa aparılıbsa, burada qan izlərinin tədqiqatı onların yaranma mexanizmi, dinamikası isə hadisənin, bu hərəkətlərin açılmasına kömək etmiş olur”.

Düyün və ilgəklər intihar hadisələrinin əsas tədqiqat obyektləridir. Ballistik və trasoloji ekspertizalar şöbəsinin rəisi Nail Abbasovun sözlərinə görə, düyün və ilgəklərin bağlanma formaları hadisənin cinayət və ya intihar olub-olmamasının aşkarlanmasında mühüm rol oynayır: “Düyün və ilgəklərin tədqiqatı insanın davranış tədqiqatına aiddir. Onlar da individual xarakter daşıyır. Yəni hər bir insanın davranışı, hərəkətləri individual olduğuna görə, müəyyən xüsusiyyətlərə, izlərə sahibdir. Bu izlər düyün və ilgək kimi əşyalarda öz əksini tapır. Və bu amil düyünü və ilgəyi bağlamış şəxsin peşə vərdişlərinin müəyyən edilməsində köməklik göstərir. Məsələn, balıqçı düyünü, dənizçi düyünü. İstintaq orqanı üçün istiqamətverici məlumat olaraq düyün və ilgəyin hansı peşə sahibinin bağladığını müəyyən etmək çox vacibdir”.

Nail Abbasov onu da qeyd edib ki, trasoloji tədqiqatlar zamanı ən maraqlı məqamlardan biri törədilmiş cinayətin cinayətkar tərəfindən səhnələşdirilməsi prosesidir: "Cinayətkar adətən izləri azdırmaq istəyir, buna görə də, aşkar olunmuş izlərin tədqiqatı çox maraq kəsb edir. Cinayətin səhnələşdirilməsi baş verir, tədqiqat zamanı bəlli olur ki, qoyulan izlər cinayətlə bağlı deyil, təhqiqatı azdırmaq məqsədilə qoyulan izlərdir”.

Mərkəzin ballistik və trasoloji ekspertizalar şöbəsindən bu qədər. Başqa maraqlı ekspertiza növləri barədə isə növbəti reportajımızda./ APA

Açar sözlər: #intihar   #qətl   #kriminal   #video  

Oxunub: 3661