Bu şəxslərin bank hesabları yoxlanılacaq

Bu şəxslərin bank hesabları yoxlanılacaq


15:41     22 May 2018 bank2.jpg

Azərbaycanda Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları açıqlanıb.

Femida.az-ın məlumatına görə, bu, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb.

Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

- əvvəlcədən mövcud olan hesablar – 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

- yeni hesablar – 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

Azərbaycan qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə üzrə fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir. Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

- aşağı dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

- yüksək dəyərli hesablar – 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurlar zamanı hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə rezidentlik ünvanı testi və elektron axtarış metodların tətbiqi barədə qərar qəbul edə bilər. Hesab AML/KYC tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsi barədə qanunvericilik qüvvəyə minənədək açılmışdırsa, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə institutunun əldə etdiyi ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildiriş və ya qəbzlər, daşınmaz əmlakın icarəsinə dair sənəd və ya digər sənədlər) olan ünvan hesab olunur. Bu yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə hesabat verən maliyyə institutundan tələb olunur ki, faktiki rezidentlik ünvanının dəqiqləşdirilməsi ilə bağlı hesab sahibi ilə əlaqə saxlayaraq müvafiq yazılı dəlillərin əldə olunması üçün tədbirlər görsün. Həyatın yığım sığortası müqaviləsinə münasibətdə faktiki rezidentlik ünvanının hesabat verən maliyyə institutu tərəfindən qeyri-düzgün hesab edilməsi və ya hesab edilməyə əsas olmasına səbəb olan dəyişikliyin baş verməsinədək və ya müqavilənin ödəniş (tam və ya qismən) tarixinədək hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlardakı faktiki rezidentlik ünvanı əsas götürülə bilər. Rezidentlik ünvanı testinə əsaslanan hesabat verən maliyyə institutunun yazılı dəlilləri qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür dəyişikliyin aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha geci tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə etməlidir. Hesabat verən maliyyə institutu qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə edə bilmirsə, elektron axtarış aparmalıdır.

Faktiki rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul etməyən hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış aparmalıdır:

- hesab sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;

- xarici dövlətdə cari poçt və ya yaşayış ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);

- xarici dövlətdə bir və ya bir neçə telefon nömrəsinin olması və Azərbaycana Respublikasına aid telefon nömrəsinin olmaması;

- xarici dövlətdə saxlanılan hesaba vəsaitin köçürülməsinə dair bank hesabları istisna olmaqla digər hesablar üzrə verilmiş uzunmüddətli ödəniş tapşırıqları;

- xarici dövlətdə ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş qüvvədə olan etibarnamə və ya imza hüququ;

- “poçtun saxlanması” göstərişi və ya hesabat verən maliyyə institutunun elektron məlumat bazasında hesab sahibinə məxsus yeganə ünvanın xarici dövlətə aid “vasitəçi” ünvanı.

Fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

Hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları üzrə hərtərəfli yoxlama prosedurlarına gəlincə, 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesablarının hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyənədək həmin hesabların Ümumi Hesabatlılıq Standartı əsasında hesabat verilməli hesab kimi yoxlanılması, müəyyən edilməsi və onlarla bağlı hesabat verilməsi tələb edilmir. Yoxlanılması tələb edilən hüquqi şəxslərin əvvəlcədən mövcud olan hesabları aşağıdakılardır:

- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar;

- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçməyən, lakin hər hansı növbəti təqvim ilinin son gününə qalığı və ya dəyəri 250 000 ABŞ dolları məbləğini keçən hesablar.

Hesab sahibinin xarici dövlətin rezidenti olub-olmamasını göstərən məlumatı müəyyən etmək üçün hesabat verən maliyyə institutu tənzimləmə və ya müştərilərlə işin aparılması məqsədləri üçün saxlanılan məlumatları (AML/KYC prosedurlarına uyğun olaraq toplanmış məlumatlar daxil olmaqla) nəzərdən keçirməlidir. Bu halda hesab sahibinin xarici dövlətin rezidenti olduğunu göstərən məlumata xarici dövlətdə təsis və ya təşkil edilmə yeri, yaxud hüquqi ünvanı aiddir. Müəyyən edilən məlumat hesab sahibinin xarici dövlətin rezidenti olmasını göstərirsə, hesabat verən maliyyə institutu özünüqiymətləndirmə sənədi əldə etməyənə qədər, yaxud sərəncamında olan və ya mənbəyi bəlli məlumatlar əsasında hesab sahibinin hesabat verilməli şəxs olmadığını təsdiq etməyənə qədər hesaba hesabat verilməli hesab kimi yanaşmalıdır. Hesab sahibinin passiv NFE olub-olmamasının müəyyən edilməsi məqsədilə hesabat verən maliyyə institutu sərəncamında olan və ya mənbəyi bəlli məlumatları araşdırır. Araşdırma nəticəsində hesab sahibinin statusunu, yəni passiv NFE, aktiv NFE və ya maliyyə institutu (iştirakçı olmayan xarici dövlətin ərazisində təsis edilmiş investisiya şirkəti istisna olmaqla) olmasını dəqiqləşdirmək mümkün olmadığı təqdirdə, hesabat verən maliyyə institutu həmin hesab sahibinin statusunu müəyyən etmək məqsədilə özünüqiymətləndirmə sənədini əldə etməlidir. Hesabat verən maliyyə institutu passiv NFE-nin nəzarət edən şəxslərindən hər hansı birinin hesabat verilməli şəxs olmasını müəyyən edir. Bu məqsədlə hesabat verən maliyyə institutu həmin passiv NFE-yə məxsus hesablara münasibətdə aşağıdakı mənbələrdən istifadə edir:

- qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablarla bağlı AML/KYC prosedurlarına uyğun olaraq əldə olunmuş və saxlanılan məlumatlardan;

- qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablarla bağlı hesab sahibindən və ya nəzarət edən şəxsdən alınan özünüqiymətləndirmə sənədindən.

- 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçən hesabların hərtərəfli yoxlanılması 30 iyun 2018-ci il tarixinədək başa çatdırılmalıdır.

30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 250 000 ABŞ dollarını keçməyən, lakin hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə 250 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesabların hərtərəfli yoxlanılması həmin hesabların qalıq və ya dəyərinin 250 000 ABŞ dollarını keçdiyi təqvim ilindən sonrakı təqvim ili ərzində başa çatdırılmalıdır.

Femida.az

Açar sözlər: #Bank   #Dollar   #Hesabat   #Maliyyə  

Oxunub: 1728