Tbilisi Türkiyə və Azərbaycanı qarşısına ala bilər - Politoloqdan ŞƏRH

"Tbilisi Türkiyə və Azərbaycanı qarşısına ala bilər" - Politoloqdan ŞƏRH

13:02     22 May 2018 18_05_22_1526979679.jpg


"Cənubi Qafqazda blokada şəraitində yaşayan Ermənistan illərdir Rusiyaya Gürcüstan vasitəsilə tranzit yol axtarışındadır. Rəsmi İrəvan ümid edir ki, belə bir layihənin reallaşması Ermənistanı az da olsa geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən çıxara bilər. Gürcüstandakı hakim “Gürcü arzusu” partiyası da belə bir layihədə maraqlı olduğunu bir neçə dəfə bəyan edib. Xatırlatmaq yerinə düşər ki, ötən il Gürcüstan parlamentində hakim partiyanın təşəbbüsü ilə bu məsələ müzakirəyə çıxarılmışdı".

Bu sözləri Femida.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. O, bildirib ki, mətbuatda yayılan məlumatlarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Ermənistan və Rusiyanı birləşdirəcək bu avtomobil yolunun açılması ilə bağlı yaxın vaxtlarda yekun razılaşmanın əldə olunacağı yazılsa da, hələlik qəti fikir söyləmək çətindir:

"Çünki rəsmi Tbilisi bu addımla Türkiyə və Azərbaycan kimi strateji tərəfdaşlarını qarşısına almış ola bilər. Nəzərə alaq ki, Gürcüstanın təbii qaza olan tələbatının 90 faizdən çoxunu Azərbaycan ödəyir. Hətta iki ölkə arasında son əldə olunan razılaşmaya görə, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan tələbatının 99,65 faizi Azərbaycandan alınan qaz vasitəsilə ödənəcək. Bu isə Gürcüstanın Azərbaycandan birtərəfli qaz asılılığı deməkdir. İran-Gürcüstan təbii qaz boru xəttinin inşası ilə bağlı müzakirələrin təxirə düşməsi isə Gürcüstanın hələ uzun illər Azərbaycan qazından olan asılılığının davam edəcəyini deməyə əsas verir. Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə yeni avtomobil yolunun çəkilməsi isə (ki, bu yol vasitəsilə hərbi məhsulların daşınacağı istisna deyil) söz yox ki, rəsmi Bakının narazılığı ilə qarşılanacaq. Və bu hal Gürcüstana ixrac olunan təbii qazla bağlı Azərbaycanı yenidən düşünməyə vadar edə bilər. Bu versiyanı Gürcüstan hökuməti həmişə nəzərində saxlamalıdır".

Politoloqun sözlərinə görə, digər tərəfdən isə sözügedən layihə həm də Türkiyə dövlətinin kəskin narazılığı ilə qarşılana bilər:

"Çünki Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq platforması bu gün etibarilə regionda siyasi-iqtisadi stabilliyin təmin olunmasında önəmli rola sahibdir. Gələn ay üç ölkənin rəhbərlərinin iştirakı ilə bütün dünyanın maraqla gözlədiyi TANAP layihəsinin açılışı olacaq. Ötən il isə bu ölkələrin təşəbbüsü ilə Şərqlə Qərbi ilk dəfə dəmir yolu ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş tutub. Hətta ilk dəfə olaraq Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli əməkdaşlıq platforması da yaradılıb. Bu baxımdan, belə bir layihədə iştirak etməklə, rəsmi Tbilisi Azərbaycanla yanaşı, gərək Türkiyənin maraqlarını çeynəmiş olsun".

C.Əhmədli üçüncü məqamı belə qeyd edib:

"Rəsmi Tbilisinin belə bir layihəyə imza atması həm də Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin “de-fakto” olaraq təhlükə altına düşməsi deməkdir. Çünki Rusiya və Ermənistanı birləşdirəcək həmin dəmir yolu layihəsində Abxaziya və Cənubi Osetiya “hökumət”lərinin imzası olmasa da, faktiki olaraq prtosesdə iştirak etmiş olurlar.

Bu baxımdan, rəsmi Tbilisi yaxşı götür-qoy etməli, regiondakı qüvvələr balansını, müttəfiqi hesab etdiyi dövlətlərin, başda isə öz ölkəsinin maraqlarını nəzərdən qaçırmamalıdır. Əks təqdirdə, Gürcüstanı müsbət ssenari gözləməyəcək".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ceyhun_Əhmədli   #politoloq   #siyasət   #Qafqaz  

Oxunub: 1701