"Rayonlarda qadınların ailə buxovları çox sərtdir" - AQSİA sədri


17:17     23 May 2018 2018/05/a6_1527066625.jpg

Ötən gün Nizami Kino Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) KİV nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi AQSİA-nın fəaliyyəti ilə media nümayəndələrini yaxından tanış etmək və yaxın gələcəkdə əməkdaşlıq imkanlarını genişləndirmək olub.

AQSİA-nın sədri Səkinə Babayeva bildirib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir:

“Biz AQSİA-nın idarə heyəti olaraq çalışırıq ki, assosiasiya fəaliyyətini daha effektiv təşkil etsin və bu məqsəd ilə qısa zaman ərzində müxtəlif qurumlar, o cümlədən xarici ölkələrin Azərbaycandakı səfirlikləri, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığımız daha da gücləndirilsin. İnkişaf etməkdə olan ölkəmiz üçün qadın sahibkarlığının inkişafı aktual mövzudur və bu istiqamətdə biz bütün gücümüzü səfərbər etmişik”.

Sədr özəl olaraq Femida.az-a açıqlamasında bildirdi ki, AQSİA ötən ilin oktyabrında yaradılıb və fəaliyyəti yarandığı gündən etibarən təkcə Bakıda yox bölgələrdə də geniş fəaliyyətə göstərir. Onu sözlərinə görə, adətən bölgələrdə ailələr qadınların bu cür sosial aktivliyinin artmasına qarşı çıxırlar:



“Qısa müddətdə xeyli uğur qazanmışıq. Bölgələrdə 19 layihə reallaşdırmışıq. Rayonlara səfər edərkən ailələrlə görüşürdük. Orada adətən qadınların ərləri buna qarşı çıxırdılar. Ailə buxovları çox sərt olurdu. Amma biz onlara başa salırdıq ki, bu yolla onlar ailə büdcəsinə xeyir gətirəcəklər. Bir çox ailə razılaşırdı. Əl qabiliyyəti olan qadınlar öz əl işlərini nümayiş etdirirdilər. Həmin işlərə maraq çoxaldı, satışlar başladı. Hətta bir çoxuna sifarişlər gəlməyə başladı”.

AQSİA-nın təsisçilərindən olan Jalə Hacıyeva isə regionlardakı problemləri belə diqqətə çatdırdı:

“Tədbir oteldə keçirilirdi və xanımın qaynanası buna qarşı çıxmışdı. Biz təklif etdik ki, siz də xanımla birlikdə gəlin. Onlar gəldilər və daha sonra xanım çox uğurlu bir biznes qurdu. Biz adətən ailələrə deyirik ki, bu sırf qadınların toplandığı bir yerdir. Ailədə kim söz sahibidirsə, onunla danışırıq, razı salırıq. Çünki bu elə bir biznesdir ki, ailənin, xüsusilə də ərin razılığı olmadan qadın bu işi qura bilməz”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #AQSİA   #tədbir   #qadın   #biznes  

Oxunub: 2453


Oxşar xəbərlər