Qalmaqallı məhkəmə sona çatdı - Ağır cəza verildi


22:12     23 May 2018 1398947325_mehkeme.jpg

Bu gün Bakı Apellyasiya Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov və digərləri barələrində olan hökmdən verilən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilədək, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilədək və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.

Digər təqsirləndirilən Hüseyn Hüseynovun 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samur Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofuq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulublar.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Açar sözlər:

Oxunub: 2344