Bir gün suda qalan kişini polis xilas etdi - FOTOLAR


23:26     23 May 2018 2018/05/33503-1527086425_4581267732.jpg

Daxili işlər orqanlarında xidmət aparaın əməkdaşlar asayişin, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün xidməti vəzifə borclarını layiqincə yerinə yetirirlər. Bu səbəbdəndir ki, dara düşən vətəndaşlar ilk olaraq polis əməkdaşlarından kömək istəyir.

DİN-dən Femida.az-a verilən xəbərə görə, Bərdə şəhər sakini Göyüş Əliyevin düşdüyü vəziyyətdə kimdənsə yardım istəməyə imkanı yox idi. Amma yenə polis əməkdaşı həyatı təhlükə qarşısında olan vətəndaşın köməyinə yetişdi, onun həyatını xilas etdi. G.Əliyev baş verənləri belə xatırlayır: Mayın 21-də axşam radələrində balıq tutmaq üçün Əyricə kəndinə gəldim. Bütün diqqətimi bu işə verdiyim üçün havanın qaraldığını hiss etmədim. Ailəm də məndən xəbərsiz idi. Özümdən arxayın idim. Birinci dəfə deyildi ki. Başıma belə bir iş gələcəyini ağlıma gətirmirdim. Lakin sən saydığını say, gör fələk nə sayır. Ani ehtiyatsızlıq ucbatından kanala yuvarlandım. Kanalın axarı güclü olduğundan məni bir xeyli apardı. Güclə əlimə keçən koldan yapışaraq bir yerdə dura bildim.



Amma sudan çıxmağa gücüm çatmırdı. Mənim olduğum kənddən aralı idi. Köməyə səsləyirdim, axşam düşdüyündən hamı ev-eşiyinə yığışmışdı, məni kim eşidəcəkdi ki. Buna baxmayaraq koldan bərk yapışıb ümidlə gözləyirdim. Su həddən artıq soyuq idi. İçimdəki ümid şamtək yanıb yox olurdu. Artıq hər şeydən əlimi üzdüyüm bir anda ərazidə xidmət aparan bir nəfər polis əməkdaşını gördüm, lakin donduğumdan daha dilim söz tutmurdu. Ürəyimdə dua edirdim ki məni görsün. Soyuğa güc gəlib hərəkət etmək istədim ancaq alınmadı. Bədənim sözümə baxmadı... huşumu itirdim. Bir müddət sonra gözümü sahildə açdım. Sağ-salamat idim. Bir sutkaya yaxın suda qalmışdım. Məni isti adyalla sarıdılar, yemək verdilər. Təcili tibbi yardım çağırıb xəstəxanaya çatdırdılar. Həyatımı ona borcluyam. Polis əməkdaşına öz təşəkkürümü bildirirəm.



Həmin polis əməkdaşı Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Eşqin Məmmədovdur. Eşqin Əyricə kəndində doğulub, boya-başa çatıb. O, bu kəndin hər bir qarışına yaxşı bələddir. E.Məmmədov hadisənin baş verdiyi ərazidə xidmət apararkən sahibsiz qalmış balıq tutmaq üçün ləvazimatların olduğunu görüb. Kiminsə kanalda batdığından şübhələnib, təcili axtarışa başlayıb. Kanal boyu hərəkət edərkən suda boğulmaqda olan bir nəfəri müəyyən edib. Onu kanaldan çıxardıb. Kənd camaatı tez isti adyal və yemək gətiriblər. Daha sonra huşsuz vəziyyətdə tapılan şəxsi təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar. Hazırda G.Əliyevin səhhəti qənaətbəxşdir, ambulator müalicəsini davam etdirir.

Femida.az

Açar sözlər: #DİN   #Polis   #Bərdə  

Oxunub: 3555