“Onlar hər şeydən narazıdır: Deputatdan da, Allahdan da” - Fazil Mustafa

“Onlar hər şeydən narazıdır: Deputatdan da, Allahdan da” - Fazil Mustafa

11:30     24 May 2018 2018/05/5_6108588076.jpg

Millət vəkili Fazil Mustafanın Femida.az-a müsahibəsi:

- Cümhuriyyətimizin 100 illiyi ərəfəsindəyik . Nə kimi planlarınız var?
- Cümhuriyyətin 100 illiyi ilə bağlı Prezidentin sərəncamı var. Biz də partiya olaraq bu tədbirlərdə aktiv iştirak edəcəyik. Digər tərəfdən AXC-nin yaradıcıları, xüsusilə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı silsilə tədbirlər nəzərdə tutulub. Xüsusilə onun ata evinin muzeyə çevrilməsini diqqətdə saxlamışıq. Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi barədə təkliflərimizi hökumətə təqdim etmişik. Onsuz da bu günədək Cümhuriyyətin 100 illiyi ilə bağlı ictimaiyyətin keçirdiyi tədbirlərdə aktiv iştirak etmişik. Bunu özümüzə mənəvi borc bilirik. Çünki onlar bizə elə bir miras qoyub gediblər ki, bunun insanlar tərəfindən xatırlanması mütləqdir.

- Siz də təsdiqləyərsiniz ki, Böyük Qurtuluş Partiyasının siyasi fəaliyyəti qəfil dayandı…
- Ümumiyyətlə, Azərbaycan bütün partiyaların fəaliyyəti passivləşib. Çünki Azərbaycanda seçki sistemi partiyaların normal fəaliyyət göstərməsi üçün yetərli deyil. Majoritar seçki sistemidir. Ona görə də, partiya modelini önə çıxarmaq imkanı məhduddur. Partiyalar hamısı fəaliyyətsizdir. Partiyaların yolunu açmaq lazımdır. Xüsusilə seçki mexanizmi dəyişməlidir. Amma biz yenə də tədbirlər keçiririk. Sadəcə bunu mediada çox paylaşmırıq deyə, ictimaiyyətin məlumatı olmur.

- Sizcə, vətəndaşlarımız hüquqi savadlıdırmı?
- Azərbaycanda nəinki vətəndaşlar, heç hüquqşünasların əksəriyyəti hüquqi savadlı sayılmaz. Bizdə hüquq sistemi əzbərçilik modelinə dayandığına görə, çoxları hüququn fəlsəfəsini yetərincə mənimsəmir. Hətta peşəkar hüquqşünaslar belə konkret maddələr üzrə işləməkdən savayı, hüquq fəlsəfəsinin tələbinin və təməlinin nədən ibarət olduğunu bilmir. Cəmiyyətdə hüquqi savadlılıq daha acınacaqlı vəziyyətdədir. Hüquqi mexanizmlərin yaxşı işləməməsi və hüquqi müəssisələrə ümidsizlik insanların hüquqdan əl çəkməsinə gətirib çıxarır. Azərbaycan cəmiyyəti daha çox qismətə inanan cəmiyyətdir. Hüquqdan daha çox xəyallarının gerçəkləşməsi üzərində düşünür. Halbuki hər insan öz hüquqlarını yaxşı bilsə, onun məmurlar tərəfindən əzilməsi, aldadılması da mümkün olmaz. Hüquqi maarifləndirmə işi aşağı səviyyədədir və ümidverici bir məqam yoxdur. Azərbaycan hüquqi savadsızlığın hökm sürdüyü bir ölkə kimi qəbul oluna bilər.



- Qadın haqlarının vəziyyəti necədir?
- Qadın haqlarının vəziyyəti daha acınacaqlıdır. Azərbaycanda təhsil ala bilməyən qadınlar çoxdur. Bizim mental dəyərlərimiz qadının cəmiyyətdə önə çıxmasına əngəl olur. Qadınların ailə buxovları və təzyiqləri bəzən onların olduğu kimi görünməsinin, cəmiyyətə faydalı olmasının qarşısını alır. Qadınlar daha çox qapalı mühitin insanına çevrilirlər. Açıq mühitə gələndə isə özlərini qoruyacaq mexanizm olmur. Hər hansı dedi qodudan, şayədən, bədnam təkliflərdən dolayı qadınların sərbəst şəkildə ayaqda durması çətin olur. Amma bununla belə cəsur qadınlarımız da var. Onlar sindromu sındıra biliblər. Bu hal sevindiricidir. Qadını savadlı olmayan cəmiyyət geridə qalmış cəmiyyət hesab olunmalıdır. Bu da təhsilin aşağı səviyyədə olması deməkdir. Çünki ailədə uşağın təhsili, təlim-tərbiyəsi ilə daha çox məşğul olan anadır. Ana savadsız olanda uşaqların da hazırlıq səviyyəsi aşağı olur. Bu isə gələcəkdə yetkin kadrların formalaşdırılması imkanının məhdudlaşdırır.

- Qadınlarımızın siyasi sferadakı sayı və faəliyyəti qaneedicidirmi?
- Siyasi sferada olan qadınların fəaliyyəti məhduddur. Bu, bir qədər siyasi sferanın öz günahı ucbatındandır. Çünki Azərbaycanda qapalı siyası sfera var. Bu sferada müəyyən dərəcədə tanışlıq, yaxınlıq rol oynayır. Açıq sistem olarsa, qadınlar da aktiv olarlar. Kiminsə himayəsinə sığınmadan özlərinə uyğun mövqeləri tuta bilərlər. Bu baxımdan qadınlara şərait yaratmaq insan haqlarını daha yüksək səviyyədə tutmaq deməkdir.

- Cəmiyyətdə çox qəribə tendensiya yaranıb: 5 il ərzində heç danışmayan millət vəkilləri kənarda qalıb, mütəmadi fikir bildirən, mediaya açıq olan deputatlar qınaq obyektinə çevrilir. Sizcə, bu nəylə bağlıdır?
- Azərbaycan cəmiyyətində insanların yükləndiyi şəxslər daha çox onların problemləri ilə məşğul olan şəxslərdir. Kimdən nəyi umurlarsa, ondan da onu tələb edirlər. Mən deputat kimi öz vəzifə borcumu yerinə yetirirəm. Əgər seçilmisənsə, Azərbaycanın problemlərinə biganə qala bilməzsən. Problemin həllinə gücün çatmasa belə, onu qabardırsansa, bu da bir növ cəmiyyətin probleminə biganə qalmamaqdır. İkinci növbədə məsələyə ziyalı kimi yanaşıram. Biz cəmiyyətə doğru fikirlər aşılamalıyıq. Mübahisələrə qoşulmayıb, başını ağrıtmayıb kənarda da dayana bilərsən. Amma doğru mühakimə olmayan cəmiyyətlərin gələcəyi Qarabağ kimi torpaqların itkisi deməkdir. Düşüncə doğru olmayanda itkilər qaçılmazıdır. Bu deputatlıqla bağlı deyil, ziyalı kimi bir ictimai borcdur.

Cəmiyyətdə qorxaqlıq sindromu var. “Kimə gücüm çatırsa, ona söz deyərəm, kimə gücüm çatmırsa, daldalanaram” prinsipi ilə yaşayırlar. Sosial şəbəkədə bir deputat hansısa problem qaldırırsa, ağız büzüb onu qınamaq əvəzinə, onu daha çox dəstəkləmək lazımdır ki, problemi gündəmə gətirir və onun həlli istiqamətində müəyyən səfərbərlik yaratmaq istəyir. Bunu ən azı məmurlar hiss etsin ki, belə bir problem var. Amma sosial şəbəkədə müəyyən bir kəsim var ki, onlar hər şeydən narazıdırlar: deputatdan, cəmiyyətdən, sosial vəziyyətdən, hətta Allahdan narazıdırlar. Sanki Allah bunlara qərəzli yanaşır. Başqasının şansını özünün şanssızlığı kimi dəyərləndirmək məntiqli deyil.



- Fikirlərinizlə bağlı haqsız qınaqlara tuş gəlirsiniz?
- Mənim fikirlərimlə bağlı qınaqlar narahat etmir. Çox vaxt məni tarixlə, siyasətlə bağlı məsələlərlə bağlı qınayırlar. Fikir söyləyəndə bunu əsaslandırmağa çalışıram. Kimisə cahillikdən, kimisə qərəzdən, kimisə bilgisizlikdən, parlamentə olan münasibətdən eyni gözdə tuşlayır.

- Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların nümayəndə kimi fəaliyyətinə məhdudiyyət müzakirəyə başlandığı zaman qınanıldı. İndi vətəndaşlar dövlət qarşısında məsuliyyət hissi olan vəkillərin xidmətindən istifadə edəcək. Bu haqda fikirləriniz.
- Məncə, bu çox yanlış qərar idi. Vəkilliyi hansısa bir dövlət orqanı kimi təsvir etmək olmaz. İnsanların hüquqlarının müdafiəsini əlçatan etmək lazım idi. Nümayəndəlik ləğv olunandan sonra hüquqi xidmət xeyli bahalaşıb. Bu da ona şərait yaradır ki, maddi imkanı olmayan şəxs hüquqlarının müdafiəsindən vaz keçsin. Odur ki, vətəndaşların məhkəmələrə müraciət etməsinə mane olan şeylər kifayət qədər çoxalır. Vəkillərin sayını yetərincə səviyyəyə qaldırmadan nümayəndəliyin ləğvi yanlış addım idi. Gürcüstan, Rusiya, Ermənistanla müqayisədə Azərbaycanda 1000 nəfərə düşən vəkil sayı çox azdır. Son imtahandan sonra vəkillərin sayı 1200-ə çatdı. Amma bu da yetərli deyil. Məsələn, Gürcüstanda əhali bizdən 2 dəfə azdır, amma 5 min vəkil var. Sırf biz də vətəndaşların mövqeyindən çıxış edərək bu dəyişikliyin zamansız olduğunu söyləmişik.

- Alternativ cəzaların tətbiqi məhkumların sayını avtomatik azaldır. Sizcə, alternativ cəzaların tətbiqi hallarının çox olmağı cəmiyyəti xilas edirmi?
- Bu müsbət addımdır, cinayətkarlığın səviyyəsini aşağı salmaq üçün atılıb. İnsanların dövlət hesabına kütləvi şəkildə həbsxanada yatması əvəzinə, müəyyən borclarını ödədikdən sonra azadlıqda qalması və cəmiyyətə inteqrasiyası daha faydalıdır. Dövlət hər cinayətkarı həbsxanada saxlamaq üçün müəyyən vəsait xərcləyir. Həbsxanadan çıxan insanların reabilitasiyası isə ayrı bir çətinlikdir. Bir çoxları yenidən cinayət işləyir. Odur ki, alternativ cəza həm dövlətin yükünü azaldır, həm də şəxsin öhdəliyini yerinə yetirmək şərti ilə azadlıqdan məhrum olmasına imkan vermir.



- Həbsxana məhkumu islah edirmi?
- Xeyr, çünki bizdə həbsxana fəlsəfəsi düzgün qurulmayıb. Bizdə həbsxanaya düşən adam təkcə azadlıqdan məhrum olunmur, bəzən insanlıqdan da məhrum olunur. Özünün müalicə imkanlarından məhrum olunur. Məhkum sadəcə azadlıqdan məhrum olmalıdır, ailədən, digər şeylərdən yox. Çünki bu insan sabah cəmiyyətə qayıdacaq və o, qayıdarkən cəmiyyətə küskün olmamalıdır.

- Yaxşı, yoxsa ədalətli insan olmaq?
- Ədalətli insan olmaq. Yaxşı insan cəmiyyətin qiymətləndirməsidir. Ədalətli insan həm cəmiyyətin qiymətləndirməsi, həm də insanın öz daxili qiymətləndirməsidir. İnsan özü bilir ki, hər hansı ədalətsizliyin bədəlini sonradan çox ağır ödəyir. Dinlərin də, o cümlədən islamın da əsas mesajı ibadət edən, namaz qılan, oruc tutan insan tipi deyil. Hamısının məqsədi ədalətli davranışa səsləməkdir. Dini ritualları yerinə yetirən insan ədalətli davranmırsa, onun ibadətinin də bir mənası qalmır. Ona görə də hamı üçün ədalətli insan olmaq əsas prioritet olmalıdır.

- Yuvenal ədliyyənin tətbiqi niyə yubadılır?
- Bu barədə geniş müzakirələr olsa da, irəliləyiş olmadı. Ədliyyə sistemində bu cür yeniliklərin tətbiq olunması çox vacibdir. Gənc yaşlarından insanın məhkumluq həyatı yaşamasının qarşısının alınmasında faydalı ola bilərdi. Amma təəssüf ki, yaxın gələcəkdə yuvenal ədliyyənin tətbiqi gündəmdə olmayacaq.



- Millət vəkilini təhqir etmək nədən irəli gəlir?
- Belə insanlar həm də öz tərbiyəsini göstərir. Azərbaycan cəmiyyətində ümumiyyətlə dözümsüzlük, aqressivlik hökm sürür. Onlar fikirləşir ki, bu təhqirə görə kimsə məni məsuliyyətə cəlb etməyəcək. Məsələn, tarix, din, cəmiyyət haqqında fikir səsləndirirəmsə, kimsə qarşılığında təhqir yazırsa, bu acınacaqlı durumdur. Bundan başqa xarici dövlətlərin Azərbaycan sosial şəbəkələrində uzantıları var. Onlar da təhqiri genişləndirir. Xarici dövlət ideologiyasına əks olan fikri öz adından deyən deyil. Azərbaycanda saytlar, saxta profillər yaradaraq, zahirən millətçi, turançı və s. formada özünü göstərən insan tipləridir. Onlara qarşı onsuz da biz mübarizəmizi aparırıq.

- Rayonlu-kəndli müzakirəsi niyə bitmək bilmir?
- Əslində normal müzakirələrdir. Kimisə aşağılamamaq şərti ilə sosioloji bir tədqiqat mövzusudur. Bir şairin şeirini min nəfər sevir, bir nəfər sevmirsə, məgər sevənlər o şəxsi söyməlidirmi? Bəlkə sizin düşüncəniz məhduddur, bəlkə o bir nəfər sizdən daha ağıllıdır. Dünyada Eynşteyn bir nəfər olub, amma Eynşteyni söyənlər bir milyon nəfər. Məncə bu müzakirələri mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Kimisə söymədən kəndli-şəhərli müzakirəsini aparmaq olar. Biz hamımız əyalətdən gəlmiş insanlarıq. Bakı mühitində qazandığımızı əyalətdə qazana bilməzdik. Əyalətdə qazandığımızı isə Bakı mühitində itirmişik. Buna görə, hansının daha üstün olduğunu söyləmək mümkün deyil. Baxış prizmasından asılı bir şeydir.

Azərbaycanda tipik şəhərli modeli yoxdur. Bakıya qaçqınların gəlişi, əyalətlərdən tələbələrin axını şəhərin çöhrəsini çox dəyişib. Şəhərin öz içində əyalətçilik mühiti var. Şəhərləşmə ziyalılıq mühiti ilə ölçülür. Bizdə də bu mühit demək olar ki, yoxdur. Çoxumuz kəndçiyik, burda da naqis heç nə yoxdur. Kənddən gəlmək böyük dəyərləri şəhərə gətirməkdir. Əyalət adamı olmaq bioloji olaraq mənfi bir şey deyil, amma dar əyalət düşüncəsi ilə şəhərdə ölkənin gələcəyinə baxmaq mənfi bir şeydir.

Müxbir: Amin Nəzərli
Fotolar: Elvin Abdulla


Femida.az


Açar sözlər: #müsahibə   #femida   #siyasət   #deputat   #millət_vəkili   #parlament   #Fazil_Mustafa   #milli_məclis  

Oxunub: 8106