Firudin Qurbanov Fransada rəsmi səfərdədir


18:52     25 May 2018 2018/05/01-_1527246010.jpg

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etmək məqsədi ilə Fransanın Paris şəhərində rəsmi səfərdədir.



Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Femida.az-a verilən məlumata görə, Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransı iki gün davam edəcək.

Mayın 24-də tədbirin açılış mərasimi keçirilib.

Açılış mərasimində Fransa Respublikasının Baş naziri Eduard Filip, UNESCO-nun Baş katibi Odri Azulay, Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa komissarı Tibor Navraksis iştirak edib.

Tədbirə 48 ölkənin təhsil üzrə rəhbər şəxsləri, ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Konfransda üzv ölkələr arasında ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi, mümkün çağırışların aydınlaşdırılması və qarşılıqlı dialoqun gücləndirilməsi məqsədi ilə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov Azərbaycanın 2005-ci ildə qoşulduğu Bolonya prosesi çərçivəsində təhsil sahəsində aparılan islahatlar, onların müsbət nəticələri haqqında məlumat verib. Nazir müavini Azərbaycan-Fransız Universiteti timsalında həyata keçirilən ikili diplom proqramını xüsusilə vurğulayıb.

F. Qurbanov “EXPO-2025” çərçivəsində ölkəmizin irəli sürdüyü insan kapitalı mövzusuna diqqəti cəlb edib və ölkələri Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş tədbirdə iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1698