MTN polkovnikinin məhkəməsi başladı


16:13     26 May 2018 2018/05/apelyasiya_1527322764.jpg

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxslərlə zərərçəkmişin verdiyi apellyasiya şikayətləri üzrə məhkəmə iclası başlayıb.



Femida.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

İttiham aktına əsasən, C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib.

Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.

C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Yalnız V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Güləli 8 il, Ceyhun İbayev 6 il 6 ay, Vüqar Əsədov 6 il 6 ay, Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. Ceyhun İbayev məhkəmə zalında həbs edilib, Vüqar Əsədov və Anar İsmayılovun barəsində isə şərti cəza verilməsinə dair qərar çıxarılıb.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Pentensiar Xidmətin keçmiş əməkdaşıdır.

Femida.az

Açar sözlər: #MTN   #Polkovnik   #Hökm   #Hakim   #Məhkəmə  

Oxunub: 1653