İndoneziyalı jurnalistlər Mətbuat Şurasında olublar


18:25     28 May 2018 2018/05/654583_1527503578.jpg

Bu gün İndoneziyadan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub.



Mətbuat Şurasından Femida.az-a verilən məlumata görə, Şuranın sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, İndoneziya və Azərbaycan arasında müxtəlif sahələrdə dinamik əlaqələr mövcuddur.

Ə.Amaşovun sözlərinə görə, dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşmasına çalışır, eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana fəal dəstəyi ilə seçilir: "Ancaq hər iki ölkə xalqlarının bir-biri ilə daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisindəki əməkdaşlıq xüsusilə vacibdir. Bu baxımdan sizin Azərbaycana səfəriniz son dərəcə vacibdir. Azərbaycanda müxtəlif görüşlər keçirəcəksiniz, bölgələrimizə səfərləriniz olacaq. İnanıram ki, müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız".

Ə.Amaşov Mətbuat Şurasının fəaliyyət istiqamətləri barədə də məlumat verib.

Görüşdə indoneziyalı jurnalistlərin Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, KİV-lərin qeydiyyatı məsələləri, peşə etikasının gözlənilməsi sahəsində durumla bağlı sualları cavablandırılıb, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər: #İndoneziya   #jurnalist   #Mətbuat-Şurası  

Oxunub: 1714