"Onlar cinayətdən həzz alan manyaklardır" - Vəkildən ŞƏRH


19:00     30 May 2018 2018/05/cinayet_1527677975.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Budəfəki mövzumuz köməksiz vəziyyətdə olan insanlara qarşı törədilmiş cinayətlərlə bağlıdır.

Köməksiz vəziyyətdə olan şəxslər dedikdə kimlər nəzərdə tutulur? Belə şəxslərə qarşı törədilmiş cinayətlərin digər cinayətlərdən fərqi nədir və buna görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulur?

Suallara vəkil Elmar Süleymanov vasitəsilə aydınlıq gətirməyə çalışdıq. Vəkil bildirdi ki, köməksiz vəziyyətdə olan şəxslər dedikdə bir çox hallar nəzərdə tutulur. Məsələn psixi və fiziki vəziyyətinə görə qüsurlu olan, ruhi fəaliyyəti pozulmuş, şüursuz vəziyyətdə olan, azyaşlı uşaqları və s. bura aid etmək olar:

“Belə insanlara qarşı törədilən cinayətlər iki halla səciyyələndirmək olar:

1. Onların barəsində edilən hərəkətlərin mənasını anlamırlar.
2. Onların barəsində edilən hərəkətlərə müqavimət göstərmək imkanları olmur.


Birinci hala misal olaraq, adətən azyaşlılara qarşı törədilən cinsi istismar hallarını göstərmək olar. Manyaklar onları müxtəlif vədlərlə aldadaraq, cinsi istismara məruz qoyurlar. Azyaşlılar bunu anlamır və cinayətkara qarşı heç bir müqavimət göstərmir.
İkinci hala misal olaraq, şəxsə uyuşdurucu maddə verib onları köməksiz vəziyyətdə zorlayanları göstərmək olar. Adətən cinayətkarlar bunu qadınlara qarşı edirlər. İkinci bir misal, iki nəfər dalaşır, biri yıxılır, ayağı sınır və ya huşu itir. Bundan sonra qarşı tərəf onu döyür, hətta öldürmək dərəcəsinə qədər gedə bilir. Daha bir misal çəkim, kimsə gəlib xəstəxanada yatan xəstənin sistemini bağlayır və onun ölümünə şərait yaradır. Hətta xəstə də bunu görür, lakin müqavimət göstərmək iqtidarında olmur.

Özünə qarşı törədilən cinayəti başa düşməyən şəxslə, başa düşüb müqavimət göstərə bilməyən şəxs arasında fərq yoxdur. Hər ikisi köməksiz vəziyyətdə qalan şəxs hesab edilə bilər.

E.Süleymanovun sözlərinə görə, köməksiz vəziyyətdə olan şəxslərə qarşı törədilmiş cinayətlər sıradan cinayətlərdən fərqlənir. O bildirib ki, bunlar cəzanı ağırlaşdıran hal hesab olunur:

“Köməksiz vəziyyətdə olan insanlara qarşı törədilmiş əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağırlaşdırıcı hal kimi nəzərdə tutulur. Yəni sıradan cinayətin cəzası ilə köməksiz vəziyyətdə qalan insana qarşı törədilmiş cinayətin cəzası eyni deyil. Məsələn, qəsdən adam öldürməyə görə, Azərbaycan qanunvericiliyində 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulursa, aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə görə, 14 ildən 20 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Cinayətkarların da kateqoriyası var. Məcburiyyətdən, yaxud özünü müdafiə etmək məqsədilə cinayət törədənlər olur. Lakin insan da var ki, cinayət törətməkdən həzz alır. Məhz köməksiz vəziyyətdə olan insana qarşı cinayət törədən şəxslər də cinayətdən həzz alan manyaklardır. Buna görə də, bütün dünyada bu cür insanlara qarşı daha sərt cəzalar nəzərdə tutulur.

Məsələn, sağlamlığa qəsdən ağır zərər vurmaya görə, adi halda 3 ildən 8 ilədək cəza nəzərdə tutulur. Lakin bunu köməksiz vəziyyətdə olan insana qarşı törətdikdə 9 ildən 12 ilədək cəza verilir”.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #hüquqşünas   #femida   #Elmar_Süleymanov   #hüquqi_maarifləndirmə   #cinayət   #məcəllə   #qanun  

Oxunub: 9860