Parlamentdə daha bir qanun dəyişikliyi qəbul edildi


17:52     31 May 2018 parlament0.jpg


Milli Məclisin yaz sessiyasının son iclası başlayıb.


Femida.az-ın Trend-ə istinadən xəbərinə görə, iclasda ilk olaraq “Normativ hüquqi aktlar haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən onlarla dəyişiklik etmək zərurəti yaranıb.

Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilir.


Təklif edilən 5.4-cü maddədə bildirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.

Komitə sədri bildirib ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə 6 ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.

Spiker Oqtay Əsədov öz növbəsində əlavə edib ki, qanuna edilən dəyişikliklər Ələt iqtisadi zonasının yaxşı fəaliyyət göstərməsinə yönəlib.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Femida.az

Açar sözlər: #iqtisadiyyat   #ələt   #parlament   #qanun  

Oxunub: 924