Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Beynəlxalq Konqres keçirilib


18:37     31 May 2018 2018/05/photo_5b09ce90d3792_1527763338.jpg

Türkiyənin Eskişehir şəhərində Anadolu Universitetində “Azərbaycan Cümhuriyyəti 100 ilində" Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib.



Femida.az xəbər verir ki, Anadolu Universitetinin təşkilatçılığı ilə baş tutan konqresə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Eskişehir valisi Özdemir Çakacak, Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil Müşaviri Dos. Dr. Nəcibə Nəsibova, Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar, Eskişehir Türk Ocağı Başçısı Prof. Dr. Nedim Ünal, Eskişehir Azərbaycanlıları Dərnəyi Başçısı Cavid Aydın, Layihə Rəhbəri Rza Məmmədov, İzmir Azərbaycan Qardaşlıq İşləri Birliyinin prezidenti Dr.Asif Qurban, Türk Dünyası Araşdırmalar Mərkəzinin (TÜDAM) Direktoru Dos. Dr. Mehmet Topal, Azərbaycandan qatılan nümayəndə heyəti, Anadolu Universitetinin professor, müəllim heyəti və çox sayda tələbə qatılıb.



"Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri də Türkiyənin kədəridir"

Azərbaycan Cümhuriyyətinin yaranmasının 100-cü ilində belə bir anlamlı tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını dilə gətirən Rektor Prof. Dr. Naci Gündoğan Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri də Türkiyənin kədəridir 'sözünün Türkiyə-Azərbaycan dostluğunu izah etməyə başqa bir söz buraxmadığını" deyib.

Anadolu Universiteti olaraq Türk Dünyası respublikalarına xüsusi əhəmiyyət verdiklərini söyləyən rektor Gündoğan sözlərini belə davam etdirib: "2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Eskişəhərimizin və Türk Dünyasının əhəmiyyətli bir universiteti olaraq Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzimizin vasitəsilə bu cür fəaliyyətlərə ev sahibliyi edir və iştirak etməyə çalışırıq. Xüsusilə son 25 ildə Anadolu Universitetində təlim-təhsil alan minlərlə azərbaycanlı tələbələrimiz oldu. Bununla yanaşı, Azərbaycandan gələn müəllimlərimiz də bir çox elmi bölmələrdə dərs verir və hələ də bu fəaliyyəti davam etdirirlər.



Distant təhsil sistemi vasitəsilə Azərbaycanda təhsil imkanları

Azərbaycanda açıq təhsil sistemi vasitəsilə həyata keçirilən fəaliyyətlərə toxunan professor, Dr. Naci Gündoğan bildirib ki, son on il ərzində Bakıdakı tərəfdaş qurumumuz vasitəsilə Azərbaycanda bir çox tələbəyə distant təhsil veririk: "Hələ də yüzlərlə azərbaycanlı tələbəmiz Anadolu Universitetinin təhsilini alır və bu bizi çox sevindirir. Bundan sonra da biz bir təhsil körpüsü olaraq Türkiyə-Azərbaycan əlaqələrində fəaliyyətlərimizə qaldığımız yerdən davam edəcəyik. Bu tədbir də əslində bu dostluğa bariz nümunədir. Ümid edirəm ki, bu cür tədbirlər Azərbaycan-Türkiyə dostluğunu daha da gücləndirər. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm. Dünya durduqca Türkiyə-Azərbaycan dostluğunun davam etməsini arzu edirəm".



"Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə düşünülə bilməz"

"100 yaşında müstəqilliyinin, bu günlərində olmasının ən böyük səbəblərindən biri Türkiyə Azərbaycan qardaşlığıdır" deyən Diaspor üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev öz fikirlərini aşağıdakı şəkildə çatdırıb: "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti şükürlər olsun ki, 100 ilini yaşayır. Ulu öndər Heydər Əliyevin dedeyi kimi, "Müstəqillik qazanmaq çətindir, bu müstəqilliyinin qorunub saxlanması daha çox çətindir". Bunu qeyd etmək istəyirəm ki, heç bir zaman Türkiyəsiz Azərbaycan, Azərbaycansız Türkiyə düşünülə bilməz. Çünki bu iki millətin övladlarının tarixinə də baxdığımızda, bizim qanımız və dinimiz bir olmuşdur. Bu iki ölkənin dünyada qarşılaşdığı problemlər, hadisə və vəziyyətlərdə ən böyük vəzifə tələbələrimizin üzərinə düşür. Ümid edirəm ki, gənclərimiz bizə qarşı soyqırım iddiaları və bunun kimi məsələlərdə məlumatlanmaqla gələcəyimizə işıq tutacaqlar”.



"Biz yalnız dost deyilik, dostdan irəli qardaşıq"

Türkiyə və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayan Eskişehir Valisi Özdemir Çakaçak Türkiyə-Azərbaycan qardaşlığının möhkəmlənməsinə bu konqresin böyük töhvə verməsini dilədiyini bildirərək, qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq çərçivəsində varlığını davam etməkdədir. Biz yalnız dost deyilik, dostdan irəli qardaşıq.

"Azərbaycan-Türkiyə əlaqələri keçmişə söykənir"

Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil Müşaviri Dos. Dr. Nəcibə Nəsibova, Türkiyə-Azərbaycan əlaqələrinin keçmişə söykəndiyini vurğulayaraq qeyd edib ki, əvvəllər Türkiyədə təhsil alan azərbaycanlı gənclər daha sonra iki ölkənin böyük ziyalıları olmuş və ortaq dəyərləri əks etdirmişlər .

"Ən kiçik bir xoşbəxtliyi də, kədəri də həmişə birlikdə paylaşmışıq"

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının prezidenti Bilal Dündar çıxışında bildirib ki, tarixin hər dövründə Türkiyə-Azərbaycan əlaqələri bir millət və iki dövlət olaraq ifadə edilir. Ən kiçik bir xoşbəxtliyi də, kədəri də həmişə birlikdə paylaşan Türkiyə ilə Azərbaycan istər dövlət kimi, istərsə də xalq səviyyəsində hər zaman birlikdə olmuşdur.

"Bizim bir məqsədi Azərbaycana xidmət etməkdir"

Layihənin təşkilində böyük əməyi olan Eskişehir Azərbaycanlıları Birliyinin sədri Cavid Aydın konqres haqqında bu fikirləri dilə gətirib: "Eskişehir Azərbaycanlıları Birliyi olaraq qurulduğumuz gündən bəri, yeganə məqsədimiz Azərbaycana xidmət etmək və Azərbaycanın gələcəyə sağlam addımlarla irəliləməsi üçün mümkün olan hər şeyi ortaya qoymaqdır".



"Tarixin 100-cü ilini qeyd edirik"

Konqresin ümumi gedişatını iştirakçılara çatdıran Layihə rəhbəri Rza Məmmədov isə çıxışında bildirib ki, bu gün biz Azərbaycan Cümhuriyyətinin dəyərlərinə sahib çıxmaq üçün burdayıq. Biz bugün bu tarixin 100 illiyini qeyd edirik. Bu konqresi təşkil etməklə biz 1918-ci ildən 2018-ci ilə qədər müddəti tarixi, ədəbi, sosial, iqtisadi, siyasi olaraq müzakirə edərək, keçmişimizi və bugünümüzü ələ ala biləcəyimiz bir mühit yaratmaq istədik. Bu düşüncədən yola çıxaraq Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi ilə birlikdə bu layihəyə başladıq".

“Şanlı Demokratik Cümhuriyyətimizin yüzüncü ili”

İzmir Azərbaycan Qardaşlıq İşləri Birliyinin prezidenti Dr.Asif Qurban, Şərqdə qurulan ilk demokratik dövlətin Azərbaycan olduğunu vurğulayaraq sözlərini bu şəkildə davam etdirib: "Bu il Şanlı Demokratik Cümhuriyyətimizin 100-cü ilidir və biz bu anlamlı gündə burada toplanmışıq. Mən diasporumuzu da qeyd etmək istəyirəm. Diasporumuz gəncdir, amma hal-hazırda 60-dan çox ölkədə fəaliyyət göstərir. Dünyanın bir çox yerində təşkilatlarımız var. Bunların öz hədəfləri xaricində, həm də öz məqsədlərindən kənar bir ümumi hədəfə sahib olması şərtdir".

Çıxışların ardından Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan “plaket” və “onur belgeleri”nin təqdimatı gerçəkləşdirilib.

İki gün davam edən “ 100 ilində Beynəlxalq Konqresi”ndə "1918-1920-ci illərdə Azərbaycan", "Turizm", "Tarixi şəxsiyyətlər", "Mədəniyyət və siyasət",”Siyasət”, "Cəmiyyət və mədəniyyət" , ”Təhsil”, “Tarix və Ədəbiyyat”, "Fəlsəfə", "Dil və Ədəbiyyat", "Türklük", "Siyasət və İdarəetmə", "Mətbuat fəaliyyəti", "İqtisadiyyat" və "Tarix və Mədəniyyət" məsələləri müzakirə edilib.

Açar sözlər:

Oxunub: 1731