BMT-nin sessiyası nələri vəd edir? – ANALİZ


17:34     28 Sentyabr 2015 bmt6.jpg

BMT Baş Assambleyasının Nyu York şəhərində 70-ci sessiyası keçirilir.


Sessiya çərçivəsində həm Azərbaycan, həm də Rusiya XİN rəhbərləri həmsədrlərlə görüş keçirib. Dağlıq Qarabağ münaqişəsinin həlli mexanizmləri həm ikitərəfli, həm də çoxtərəfli qaydada müzakirə olunub.

Görəsən bu sessiya münaqişənin həlli istiqamətində nələri vəd edir? Sessiya çərçivəsində keçirilən görüşlərin Dağlıq Qarabağ problemin həllinə hansısa müsbət təsiri olacaqmı?

Femida.az sualları cavablandırmaq üçün politoloq və siyasi şərhçilərin mövqeyini öyrənib.

Siyasi şərhçi, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu keçirilmiş görüşlərin həmişəki kimi nəticəsiz qalacağını bildirdi:



"BMT sessiyası hər il sentyabr ayında açılır və müxtəlif görüşlər keçirilir, çıxışlar olur. Hər il ya sessiya çərçivəsində ya Azərbaycan və Ermənistan prezidentləri, ya da xarici işlər nazirləri bir araya gəlirlər. Buna baxmayaraq, bu görüşlərin heç bir nəticəsi olmur. Çünki danışıqlarda irəliləyiş yoxdur, tərəflər öz mövqelərindən geri çəkilmirlər, başlıcası isə Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını şərtləndirən ilk addımı atmaq istəmir. Bu olmayınca, heç bir görüş və danışıq nəticə verməyəcək".

Türkiyədəki siyasi vəziyyətin sessiyada müzakirə olunması ilə bağlı sualımızı Elxan Şahinoğlu belə cavablandırdı:

"Türkiyədəki vəziyyət beynəlxalq təşkilatlarda müzakirə olunmur. Ankara PKK-ya qarşı mübaribəzinn təkbaşına aparır və bu mübarizədə onun kənar dəstəyə ehtiyacı yoxdur. Ankaranın beynəlxalq aləmdən və Qərbdən yeganə istəyi odur ki, öz ölkələrində PKK elementlərinə fəaliyyət imkanlarını məhdudlaşdırsınlar. Avropa Birliyi PKK-nı terrorçu təşkilat adlandırsa da, birlik ölkələrində onlar azad şəkildə fəaliyyət göstərir, PKK üçün pul və silah toplayırlar."

Politoloq Rasim Musabəyov da sessiya ilə bağlı nikbin heç bir fikir səsləndirmədi:



"BMT-nin bu günə qədərki sessiyaları Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir dəyişikliyə səbəb olmayıb. İstər ikitərəfli, istərsə də çoxtərəfli qaydada keçirilən görüşlərin heç bir müsbət nəticəsini görməmişik. Düşünürəm ki, Baş Assambleyanın Nyu Yorkda keçirilən bu sessiyası da Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfələr verməyəcək".

Qeyd edək ki, sessiya çərçivəsində müzakirələr oktyabrın 3-nə qədər davam edəcək və 144 dövlət və hökumət başçısının, 46 xarici işlər nazirinin çıxışı gözlənilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1305