İlham Əliyev: “Azərbaycanda əsaslı dəyişiklər baş verdi...”


04:20     12 May 2015 prezident_100515_04.jpg

“Son vaxtlar üzə çıxan faktlar göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi”.


Bu barədə mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimində çıxış edən prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib: “Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə olub. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi. Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafı sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi. Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etmişdir. Çünki o, 1970-80-ci illərin əvvəllərində öz işləri, xalqa olan bağlılığı və cəsarətli siyasəti ilə xalqın böyük sevgisini, rəğbətini qazanmışdı”.

Dövlət başçısı xatırladıb ki, Heydər Əliyevin həyatında bir neçə dövr olub: “Heydər Əliyevin Azərbaycanda uğurlu fəaliyyəti nəzərə alınaraq 1982-ci ilin sonunda o, Sovet İttifaqının ən ali qurumu olan Siyasi Büroya üzv seçilmiş və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Onun kurasiyasında bir çox sahələr var idi. Bu sahələr çox ciddi diqqət tələb edirdi və o, ona tapşırılan bütün işlərə çox böyük məsuliyyətlə yanaşırdı. Onun gördüyü işlərin çox böyük səmərəsi var idi. Eyni zamanda, Azərbaycana daim diqqət yetirir, öz köməyini göstərməyə çalışırdı ki, burada da işlər yaxşı getsin. Ancaq əfsuslar olsun ki, o, Azərbaycandan gedəndən sonra respublikada vəziyyət tədricən tənəzzülə uğramağa başlamışdır və demək olar ki, Azərbaycanda durğunluq müşahidə olunurdu. 1987-ci ildə Heydər Əliyev böyük ədalətsizliklə üzləşmişdi. O vaxt sovet dövlətinin başında dayanan insan ona qarşı ədalətsizlik göstərmişdi. Bu ədalətsizliyin də səbəbləri var idi. Ona qarşı paxıllıq, riyakarlıq və digər mənfi hallar Heydər Əliyevin istefasını şərtləndirdi. Bu, Azərbaycan üçün böyük itki idi. Çünki Heydər Əliyev sovet hakimiyyətində təmsil olunurdu”.

Prezident İ.Əliyev bildirib ki, Heydər Əliyev istefaya gedəndən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar: “Əfsuslar oşlun ki, o vaxtkı sovet rəhbərliyi bu məsələ ilə bağlı onlarla həmfikir idi, onların mövqeləri üst-üstə düşürdü. Eyni zamanda, son vaxtlar üzə çıxan faktlar da onun göstərir ki, hətta xarici dövlətlərdən də Sovet İttifaqının rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı müraciətlər göndərilirdi. Bu, ümumiyyətlə, beynəlxalq münasibətlərdə dözülməz bir praktikadır. Ancaq bu, tarixdir, bu, həqiqətdir və ondan sonra Azərbaycanın bütün problemləri başladı”.

Ölkə başçısı qeyd edib ki, Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir: “O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın ovaxtkı rəhbərliyi bu barədə öz etiraz səsini qaldırmamışdı. Yenə də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampaniya aparılırdı. O vaxt da “beşinci kalon” var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərə ünvanlanır, o vaxt Moskvaya yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsini bütün dünyaya çatdırdı. Fəxr edirəm və çox xoşbəxtəm ki, mən də o gün onunla bərabər orada idim”.

Prezident deyib ki, əgər Heydər Əliyev Moskvada bir qədər çox qalsaydı həbs olunacaqdı: “O, Azərbaycana üz tutdu, Bakıya gəldi. Ancaq Bakıdakı ovaxtkı rəhbərlik imkan vermədi ki, o, öz doğma vətənində yaşasın və məcbur olub doğulduğu yerə - Naxçıvana üz tutdu. Naxçıvanda Heydər Əliyevi ilk növbədə muxtar respublikanın parlamentinə, sonra isə Azərbaycan parlamentinə deputat seçdilər. Sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçmişdir. O vaxt artıq Azərbaycan rəhbərliyinin rəyi heç bir məna kəsb etmirdi və xalq Naxçıvanda əsl vətənpərvərlik, cəsarət, müdriklik göstərmişdir.Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müraciət edildi və vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar. 1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlində dayanan məsələdir”.

Prezident İ.Əliyev qeyd edib ki, 1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq: “Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi. Ancaq uzun illər Kommunist Partiyasının üzvü olan, Qanlı Yanvar hadisələrindən sonra isə Kommunist Partiyasının sıralarını tərk edən bir insan kimi o, demokratiya, inkişaf, bazar iqtisadiyyatı yolunu seçmişdir. Bu, onun üçün çox ciddi bir seçim idi. Çünki o, tamamilə fərqli bir ictimai-siyasi mühitdə formalaşmışdır. Gənc yaşlarından o dövrün nümayəndəsi kimi Sovet İttifaqına, öz xalqına, Kommunist Partiyasına qulluq edirdi. Ona görə, bu, onun üçün çox ciddi bir seçim idi. Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir. Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar aparılır, demokratik inkişaf sürətlə gedir. Azərbaycan bu gün dünya miqyasında demokratiyanın inkişafı baxımından seçilən ölkələrdəndir. Məhz bu strateji seçim 1990-cı illərin ortalarında qəbul edilmişdir və bu gün biz Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq müsbət meyilləri daha da gücləndiririk”.

Açar sözlər:

Oxunub: 647