Təhlükəsizliyin başladığı yerdən - REPORTAJ


18:19     04 İyun 2018 2018/06/DSC06846_1528107782.jpg

Dövlət Gömrük Komitəsində rəhbərliyin dəyişməsindən sonra qurum media ilə münasibətləri yaxınlaşdırmaq qərarına gəldi. Elə bu çərçivədə komitə ilk addımı iyunun 1-də jurnalistlər üçün presstur təşkil etməklə atdı. Xaçmazda - Samur Gömrük Postunda aparılan işlə əyani şəkildə tanış olduq.

3 saatlıq yoldan sonra posta çatdıq və DGK-nin idarə rəisi Azər Abbasov bizi sərhəd keçid məntəqəsindəki proseslə tanış etməyə başladı. O bildirdi ki, Rusiya ilə sərhəddə - neytral zonanın bitdiyi yerdə Azərbaycan gömrükçülərinin işi başlayır:



“Gələn maşınlar keçid qapısından keçərkən, avtomatik fotosu çəkilir və qeydiyyat nömrəsi ilə birlikdə sistemə ötürülür. İkinci mərhələdə maşınlar tərəziyə çıxır və onun sənəddə göstərilən qədər yüklü olub-olmadığı müəyyənləşdirilir. Sənəddəki rəqəmdən və ya normadan artıq yük olduğu təqdirdə maşına buraxılış verilmir. Yük normasında olarsa, sürücü avtomatlaşdırılmış aparat vasitəsilə şəxsiyyət vəsiqəsini sistemə daxil edir, hansı ölkədən gəldiyini göstərir”.

Müşahidələrimizə əsasən, gömrük əmliyyatlarından insan iştirakı minimuma endirilib. Əksər prosedurlar avtomatlaşdırılıb. Bu da həm şəffaflığa, həm qeydiyyat prosesinin asanlaşmasına, həm də gözləmə müddətini azaltmağa xidmət edir.



Postdan gün ərzində ümumilkdə 400-500 minik və yük avtomobili keçir. Gömrükçülər 1 saat ərzində təxminən 15-20 maşın yoxlaya bilir. Yoxlama zamanı kinoloji xidmətin köməyindən də istifadə edilir. İtlər maşınlarda şübhəli malların olub-olmadığını qoxu vasitəsilə müəyyənləşdirə bilirlər.



Gömrüklə bağlı daha bir maraqlı məqam yük maşınlarına bağlanan GPS-lərdir. Bu GPS-lər vasitəsi ilə gömrükçülər Azərbaycana daxil olan maşınların nə vaxt, harada olduğunu görə bilirlər. Avtomobil təyinat üzrə hərətkət etməzsə və ya tyrayektoriyasından maksimum 150 metr uzaqlaşarsa, ən yaxın gömrük məntəqəsinə avtomatik məlumat ötürülür. Əməkdaşlar GPS vasitəsilə asan bir şəkildə maşını tapa bilirlər.



Presstur zamanı gömrük əməliyyatları çərçivəsində Femida.az üçün xüsusi məqam hüquq pzoulmaları ilə bağlı idi. Postun hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə görüşdük. Söhbət zamanı aydın oldu ki, gömrükdə baş verən hüquq pozuntuları zamanı DGK bəzən digər hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edir:

“İnspektorlarımız şübhələndiyi maşının sürücüsünə bəyanat yazdıdırır. Hüquq pozuntularını bizim inspektorlar aşkar edirsə, araşdırırlar. Pozuntunun dərəcəsi təyin edilir, protokol tərtib edilir. İnzibati xətadırsa, müvafiq cərimə tətbiq olunur. Cinayət məsuliyyəti yaradan haldırsa, Ədliyyə Nazirliyinin ekspertləri ekspertiza aparır. İstintaq İdarəsinin araşdırmasından sonra iş prokurorluğa göndərilir”.



Hər bir vətəndaş gömrükdən qarışıq mallar olmaq şərti ilə 30 kq yük keçirə bilər. Eyni adlı məhsuldan dəyəri 1500 dollardan çox olmamaq şərti ilə 2 ədəd keçirmək olar. Məsələn, ümumi qiyməti 1500 dollardan çox olmayan 2 mobil telefonu sərbəst şəkildə keçirə bilərsiz.

Bizim üçün daha bir maraqlı məqam anbarda qalan malların sonrakı aqibəti idi. Anbardar Pirnəzərov Surət bildirdi ki, anbarda qalan mallar təyin olunan müddət bitdikdən sonra məhv edilir:

“Keçirilməsinə icazə verilməyən, yaxud sənədləri qaydasında olmayan mallar gömrük anbarında saxlanılır. Qida məhsullarının saxlanma müddəti 3 gün, digər məhsulların saxlanma müddəti isə 120 gündür. Anbarda qalan mallar arasında aksiz markası olmayan siqaret və spirtli içkilər üstünlük təşkil edir. Təyin olunan müddət ərzində malın sahibi gəlib onu götürməzsə, həmin mallar müvafiq qaydada yandırılır, məhv edilir”.



Qeyd edək ki, 120 gün ərzində mal sahibi malını götürüb geri də qaytara bilər, yaxud sənədlərini qaydasına salıb ölkəyə də keçirə bilər. Üçüncü bir halda isə o, ərizə yazaraq malından dövlətin xeyrinə imtina edə bilər. Bu halda mal növündən asılı olaraq, auskiona çıxarılır, əldə olunan pul dövlət büdcəsinə köçürülür. Yaxud istismarı dövlət obyektləri üçün yararlıdırsa, mallar müvafiq qurumların balansına köçürülür.

DGK-nin əməkdaşı Fərid Vəliyevin sözlərinə görə son olaraq belə bir hal, uşaq bezləri ilə bağlı olmuşdu. Malın sahibi bezlərdən imtina etmiş, DGK isə bunu öz növbəsində uşaqlar evinə bağışlamışdı.



Çıxış qapısına doğru yaxınlaşırıq və beləcə presstur sona çatır.

Pressturda yaradılan şəraitə görə, DGK-ə və postun əməkdaşlarına təşəəkür edirik.



Amin Nəzərli
Xaçmaz


Femida.az

Açar sözlər: #DGK   #gömrük   #post   #press_tur   #jurnalist   #Samur   #Xaçmaz   #Dağıstan   #Rusiya   #avtomobil   #sərhəd   #DSX   #femida   #reportaj  

Oxunub: 4274