Tikinti sektoruna əcnəbi axını – ARAŞDIRMA


15:10     12 May 2015 usta1.jpg


Azərbaycanlılar iş üçün xaricə getdiyi halda, ölkəyə miqrant işçi niyə gəlir?


2015-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı tikinti kompleksi də dinamik inkişaf edib.

Femida.az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən bildirir ki, 2015-ci ildə ümumi 3,5 milyardlıq tikinti kompleksi tikilərək istifadəyə verilib.

Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, Azərbaycanda əcnəbilərin əksəriyyəti neft, tikinti, nəqliyyat və xidmət sənayesi, maliyyə və sığorta sektorunda çalışır. Təşkilat hesab edir ki, regionda münaqişələr və qeyri-sabitlik Azərbaycana gələnlərin sayının artmasına səbəb olub.

İqtisadi inkişaf da xariciləri Azərbaycana cəlb edən amillərdəndir. Əcnəbilər turist vizası ilə ölkəmizdə fəhləlik edirlər.

Femida.az mövzu ilə bağlı ətraflı məlumat əldə etmək üçün migrasiya üzrə ekspertlərlə əlaqə saxladı. Ekspertin fikrincə, əcnəbiləri Azərbaycana cəlb eldən əsas amil yüksək qazanc əldə etmək arzusudur:
“ Bütün dünyada insanlar müxtəlif məqsədlərlə, o cümlədən qazanc əldə etmək üçün digər ölkələrə miqrasiya edir və bu çox normal bir haldır. Bildiyimiz kimi, Azərbaycanda iqtisadi inkişafla bağlı son illərdə bir çox sahələr, xüsusilə tikinti sektoru inkişaf edir və bu əcnəbi fəhlələr üçün cəlbedici faktordur. Ölkəmizə ən çox Türkiyədən əcnəbi axını baş verir”

Femida.az məsələyə hüquqi aspektdən yanaşaraq hüquqşünas Ruslan Vəliyevin də fikirlərini öyrəndi. Onun sözlərinə görə, əcnəbilərin qeyri-qanuni sürətdə tikinti müəssisələrində işlədilərsə, həmin müəssisənin rəhbəri qanunla müəyyən edilmiş formada məsuliyyətə cəlb olunmalıdır:

“Çox aktual mövzuya toxunmusuz. Əcnəbi fəhlələrin Azərbaycana axını zamanı çox vaxt sui-istifadə halları ilə qarşılaşırıq. Bütün dünyanın insan alveri cinayəti var və bu cinayətin növlərindən biri də məcburi əməyin istismarıdır. Çox zaman miqrantlar ölkəyə ucuz işçi qüvvəsi kimi gətirilir, lakin onlar heç bir idarədə qeydiyyatdan keçmir. Əcnəbilər ölkəyə turist kimi daxil olur. Sonradan onların sənədləri əllərindən alınır və əmək müqaviləsi bağlanmadan ucuz işçi qüvvəsi kimi istifadə edilir. Bununla da tikinti rəhbərliyi vergi verməkdən yayınır. Belə hallar aşkar edildikdə müəssisə rəhbərləri qanunla müəyyən olunmuş formada hüquqi məsuliyyətə cəlb olunur və 30-40 min manat məbləğində cərimə edilir. Hər hansı bir miqrant qanuni surətdə Azərbaycanda işləmək üçün illik 1000 manat məbləğində dövlət büdcəsinə ödəniş etməlidir. Onlar əsasən tikinti sahəsinə cəlb olunurlar. Bir çox hallarda onlar çox ağır şəraitdə yaşayırlar. Bəzən bir otaqda 20-30 nəfər əcnəbinin yaşadığı hallarla da qarşılaşmışıq. Əksər hallarda onların hüquqları qorunmur, yəni ya məvacib çox gec ödənir, ya da məbləğ çox aşağı olur. Belə olan hallarda Əmək Məcəlləsinin tələbləri pozulur. Bir çox hallarda Dövlət Miqrasiya Xidməti qeyri qanuni çalışan miqrantları aşkar etdikdə öz ölkələrinə deportasiya edir. Qanunvericiliyə əsasən ölkəyə gəlmiş hər bir miqrant onu işə götürən şirkət onun barəsində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir və əsaslandırmalıdır ki, Azərbaycanda onun mütəxəssis kimi işləməsinə ehtiyac var. Sonra onun sənədləri təqdim olunmalıdır. Müəyyən olunduqdan sonra ki, bu şəxs həqiqətən mütəxəssisdir və həmin mütəxəssisə ehtiyac var, o zaman işləməyə rəsmi icazə verilir. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu üçün, Miqrasiya Xidməti çox vaxt əcnəbi fəhlələrin ölkəyə daxil olmasına icazə vermir.”

Bəs miqrantların ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən tikinti sahəsində çalışması dövlət büdcəsinə zərər vururmu?

Femida.az bu sualı iqtisadçı ekspert Vüqar Bayramova ünvanlayıb. Onun sözlərinə görə Azərbaycanda olan əmək miqrantlarının böyük bir qismi qeyri qanuni fəaliyyət göstərir və vergidən yayınır: “Ölkəyə gələn əmək miqrantlarının qarsısını almaq təbii ki, mümkün deyil. Əsas məsələ ondan ibarətdir ki, onların ölkədə fəaliyyəti leqal formada olsun. Çox təəssüf ki, Azərbaycanda olan miqrantların əksəriyyəti qeyri-leqal fəaliyyət göstərir və faktiki olaraq onlar vergidən yayınır. Bu isə dövlət büdcəsinə zərər vurur. Düşünürəm ki bu sahədə daha sərt qaydalar tətbiq edilməlidir. Əcnəbilərin vergiyə cəlb edilməsi dövlət büdcəsinə böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarda bilər. “

Femida.az əcnəbi fəhlələrin tikinti şirkətlərinə qəbul edilməsi ilə bağlı məsələləri yerində araşdırmaq üçün tikinti gedən obyektlərə də baş çəkib. Özünü “Qursuz” tikinti şirkətinin texnikasının rəhbəri kimi təqdim edən Elşad Babayevlə həmsöhbət olduq. Onun sözlərinə görə, rəhbərlik tərəfindən tapşırıq olduğu üçün əcnəbi fəhlələri işə qəbul etmirik. “Bir neçə gün bundan əvvəl bir Hindistan vətəndaşı yaxınlaşaraq fəhlə kimi işləmək istədiyini bildirdi, lakin biz o şəxsi işə qəbul etmədik”

Femida.az olaraq Nəsimi rayonunda yerləşən “Dolçasaray” tikinti şirkətinə məxsus tikinti obyektinə də baş çəkdik. Müdriyyəti yerində tapmasaq da mühafizəçi ilə danışarkən məlum oldu ki, bu tikinti müəssisəsində də əcnəbi fəhlələrin işləməsinə icazə verilmir.

Femida.az-ın monitorinqləri davam edəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1713