Söyüşə görə yoldaşının dostunu bıçaqlayan qadına hökm oxundu


01:07     06 İyun 2018 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnar Məmmədovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın məlumatına görə, ötən il sentyabrın 26-da Binəqədi rayonun Rəsulzadə qəsəbəsində yaşayan Gülnar Məmmədova aralarında yaranmış mübahisə zamanı ərinin tanışı, Azad Quliyevə bıçaqla xəsarət yetirib.

Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra 103 xidmətinə zəng edib. Xəstəxanaya çatdırılan Quliyevin üzərində cərrahi əməliyyat aparılıb. Cinayəti törədən Gülnar Məmmədova Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş qadın bildirib ki, Quliyev evində olarkən, tanışı ilə telefonla danışan zaman nalayiq ifadələr işlədib. Buna görə Gülnar Azada xəbərdarlıq edib ki, söyüş söyməsin, lakin qonaq ev sahibinin sözlərinə məhəl qoymayıb.

Əsəbiləşən Məmmədova mətbəxdən bıçağı götürərək Quliyevin döş qəfəsinə zərbə endirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən qadına 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. Qeyd edək ki, istintaq dövründə onun barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

Açar sözlər: #Cinayət   #Kriminal  

Oxunub: 1126